Mən baş verəcək bu faciələri görür və qurtuluşun yolunu keçən il 25 iyul, daha sonra 13 dekabrda etdiyim paylaşımlarda göstərmişdim. Əməl olunmadı. Odur ki, biz artıq COVİD 19-un əsiriyik.
Bu faciədən bizi nə sərt karantin, nə mövcud məhdudiyyətlər, nə mütləq evə qapanmaq, nə maska, nə əlcək, nə cərimə, nə qorxu nə də və s. qurtara bilməz. Çünki, elmi məntiq sübut edir ki, bu tədbirlərlə viral infeksiyaların yayılmasını yalnız ləngitmək olar, qarşısını almaq isə qeyri-mümkündür.
Medicina.az xəbər verir ki, bu sözləri professor Musa Qəniyev bildirib. O, Azərbaycanda koronavirusla mübarizənin fiaskoya uğramasını belə izah edir.
"Covid 19-la bağlı dərman və test dəstləri cənab Prezidentimizin birbaşa göstərişilə ayrılan vəsait hesabına alınırsa, nəyə görə bu test sınaqları özəl müəssisələrdə ödənişlə aparılmalı və ya həkim nəzarəti altında ev şəraitində müalicə alan xəstələrin dərman dəstlərinə müasir antiviral və ya digər potensial aktiv preparatlar daxil edilməməlidir?
Bu gün insanlar nəinki son çörək pulunu, hətta borc alaraq, kredit belə götürərək, aptekdə tapmadıqda “qara bazardan” əlçatmaz qiymətə satılan və son ümüd yeri bildikləri bu dərmanları, xəstə olmasalar belə, “ehtiyat üçün” alır, hətta kiminsə məsləhətilə profilaktik məqsədlə qəbul da edirlər.
Əslində hazırkı yüklənmə şəraitində Dövlət Səhiyyə sektoruna kömək məqsədilə test sınaqlarının aparılması, özəl tibb müəssisələrinə, satışı xüsusi nəzarət tələb edən antiviral preparatlar bütün fərdi açıq apteklər şəbəkəsinə verilə bilər və bu arzuolunan haldır. Lakin bu halda müvafiq dərman preparatları xüsusi resept nüsxələri əsasında xəstələrə yalnız və yalnız ödənişsiz verilməlidir. Bu preparatların təminatçisı Dövlətimiz olduğundan, pandemiyanın davam etdiyi müddətdə onların açıq satışı yolverilməzdir, cinayətdir və qəti qadağan olunmalıdır.
Digər tərəfdən, test sınaqlarının özəl müəssisələrdə ödənişli olması da heç bir halda başa düşülən deyildir (sosial şəbəkələrdə bu haqda, harada daha ucuz aparılması haqqında elanlar da verilir; bu yolverilməzdir).
Axı hazırda “xüsusi strateji əhəmiyyətli vasitə” hesab olunan antiviral preparatları, eləcə də test dəstlərini heç bir özəl tibb müəssisəsi və ya apteklər şəbəkəsi fərdi maliyyə vəsaiti hesabına ala bilməz.
Siz də bilin ki, hazırkı pandemiya şəraitində bu cür maddi dayanıqlıq və imkana yalnız Pfizer (ABŞ), Novartis (İsveçrə), Merck (ABŞ), Sanofi (Fransa), Roche Holdinq (İsveçrə), GlaxoSmithKline (Böyük Britaniya), Abbot labaratoriyası (ABŞ) kimi illik gəlir fondu 40-60 milyard dollar arasında olan, fövqəlgücə malik bu yeddi İrı Dərman Konsernlərinin tərkibindəki özəl tibbi müalicə və aptek satış birlikləri edə bilər. Söylədiklərimə insanlarda fərqli yanaşma olsa da, mən farmakoloqam və bu incəlikləri hər bir kəsdən daha yaxşı bilirəm. Bunun əksi, Antraktida da daxil olmaqla, dünyanın altı qitəsinin heç bir ölkəsində ola bilməz.
Odur ki, COVİD 19-un əbədi olaraq tarixə qovuşması yalnız aşağıdakı şərtlər daxilində mümkündür:
- İstər PZR, istərsə də seroloji testlər bütün tibb müəssisələrində kütləvi, keyfiyyətli və təmənnasız aparılmalı, antiviral preparatlarla təminat ölkə ərazisində olan bütün aptekləri əhatə etməklə, ciddi nəzarətə götürülməli, yalnız xüsusi resept əsasında müraciət edən şəxslərə təcili, ödənişsiz və növbəsiz olaraq buraxılmalıdır.
- Polis postları əvəzinə, COVİD 19-un erkən diaqnostikası üçün ekspress tibbi postlar qurulmalıdır və ölkədaxili hərəkət məhdudiyyəti götürülməlidir. Bu halda hər şeydən əvvəl covid-li xəstələr 14 günlük evdəqalma- karantin şərtinə qeyri-şərtsiz əməl edəcək və yolunma ehtimalı sıfırlanacaqdır.
- Son olaraq bildirmək istəyirəm ki, yoluxmanın hazırda müşahidə olunan azalması yalnız nisbi haldır. Onun mütləq yox olmasının isə yuxarıdakı şərtlər daxil yalnız iki yolu vardır: bunlardan biri kütləvi vaksinasiyadır. Lakin vaksinasiyanın yaxın aylarda bütün ölkə əhalisini əhatə edəcəyini düşünmək qeyri-reallıqdır. İkincı və əsas yolu yalnız Ölkə Başçısı- Ali Baş Komandanımıza müraciətdir.
Cənab Prezident, on milyon əhalinin hazırda ümüdsüzləşən 20 milyonluq gözü yalnız Sizə dikilibdir, ölməz Əli Kərimin dediyi kimi: işığa həsrət qalan göz işıq sevən kimi. Qurtarın milləti bu bəladan".