Nəşr edilən geniş miqyaslı hesabata görə, son 20 ildə ürək xəstəliyi və insult kimi piylənmə ilə əlaqəli xəstəliklərdən ölənlərin sayı 50 faiz artıb.
Medicina.az xəbər verir ki, 2000-ci ildə yüksək bədən kütləsi indeksi bir insanın ömrünü qısalda biləcək 11-ci dərəcəli risk faktoru idi.
“Lancet” jurnalında dərc olunan Qlobal Xəstəlik Yükü araşdırmasına görə, 2021-ci ilə qədər bu risk faktoru altıncı yerə yüksəlib.
Piylənmə ilə bağlı xəstəliklərdən ölən insanların ən çox rastlaşdığı problemlərə yüksək qan təzyiqi, ürək problemləri, böyrək funksiyasının pozulması və 2-ci tip diabet daxildir.
Elm adamları havanın çirkliliyinin və siqaret istifadəsinin də piylənmə ilə yanaşı, 2021-ci ildə qlobal xəstəlik yükündə ən böyük rollardan birini oynadığını bildiriblər.
Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun (IHME) dosenti Mişel Broer risk faktorlarının gənclər üçün daha böyük təhlükə olduğunu bildirib.
Araşdırma çərçivəsində 1990-2021-ci illər arasında 204 ölkənin məlumatları təhlil edilib. Piylənmənin ən çox yayıldığı yerlər Tonqa, Amerika Samoası, Polineziya və Mikroneziya, Kuk adaları olub. Bir çox ada ölkəsində artan piylənmə nisbətlərinin arxasında sağlam olmayan qida faktorunun durduğu bildirilib.
14 və daha aşağı yaşda olan gənclərin sağlamlığının pozulması və vaxtından əvvəl ölüm halları ən çox bu böyük risklərlə əlaqəli olub: aşağı çəki, vaxtından əvvəl doğuş, çirkli su və qeyri-gigiyenik şərait.
Böyük yaş qruplarında yüksək qan təzyiqi, yüksək BMİ (bədən çəki indeksi), yüksək qan şəkəri səviyyələri və yüksək LDL xolesterol səviyyələrinin ömrün qısalmasına daha çox təsir etdiyi görülüb.
2000-2021-ci illər arasında sağlamlıq vəziyyətinin pis olması və yüksək BMI səbəbiylə vaxtından əvvəl ölüm nisbətləri 16 faiz artıb.
Həddindən artıq işlənmiş qidaların artması və daha çox oturaq həyat tərzinin yayılması bunda böyük rol oynayır.
Tədqiqatçılar bildiriblər ki, qlobal ömür uzunluğu 2022-2050-ci illər arasında artmağa davam edəcək, lakin temp yavaşlayacaq. 2050-ci ildə vaxtından əvvəl ölümün əsas səbəblərinin ürək xəstəlikləri, insult, şəkərli diabet və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olacağını proqnozlaşdırılır.
Aysel