“İkinci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin üçüncü dozasını vurdura bilər”.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabında bildirilib.
Məlumata görə, “Peyvənd sertifikatı”nda son qəbul edilmiş iki doza haqqında məlumat əks olunacaq:
“İkinci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz iki dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”.
Maraqlıdır, peyvəndə əks göstərişi olan şəxslərə bununla bağlı tibbi arayışın verilməsi planlaşdırılıbmı?
TƏBİB-dən bildirilib ki, peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır:
“Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qurumdan verilən məlumata görə, beynəlxalq səhiyyə qurumları COVID-19 xarici ölkələrin peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir. /cebhe.info/