Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra buster doza ilə peyvəndlənməsi tövsiyə olunur.
Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, sabahdan etibarən ictimai iaşə müəssisələrinə (kafe, restoran və s.), mehmanxanalara, iri ticarət mərkəzlərinə, idman və sağlamlıq-bərpa obyektlərinə, toy və ya digər şənliklərə, ali təhsil müəssisələri və kolleclərə yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək.