İyunun 1-dən karantin qaydaları yumşalır. Bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycanda bəzi xidmət sahələrinin işçilərinin ən azı 80 faizi COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalıdır.
Qərara əsasən, tələb 2021-ci il iyulun 1-dən etibarən qüvvəyə minəcək. Bəzi xidmət sahələri dedikdə Bakı Metropoliteni, şəhərlərarası və rayonlararası sərnişindaşıma, dini ibadət yerləri, çimərliklər, idman zalları, iri ticarət mərkəzləri nəzərdə tutulur.
Lakin vətəndaşlar arasında COVID-19 pasportunun alınması ilə bağlı bir sıra suallar qaranlıq qalıb.
Belə ki, COVID-19 pasportu ilə yaranan anlaşılmazlıqlardan biri https://kabinet.its.gov.az saytında şəxsi kabinetlə bağlıdır.
Vətəndaşlar bildirir ki, şəxsi kabinetə daxil olub, COVID-19 sertifikatı ilə bağlı bölməni seçir. Lakin pəncərə ya açılmır, ya da yükləndikdən sonra içərisində bazada sizin məlumatlar tapılmadı deyə qeyd ilə qarşılaşır.
Bir başqa problemli məsələ isə peyvənd sertifikatında birinci doza ilə ikinci dozanın seriya nömrəsinin ya eyni olması, ya da ikisindən birinin ümumiyyətlə qeyd olunmamasıdır.
Bu kimi məsələlər COVID-19 pasportunun alınmasında hər hansı problem yaşada bilərmi? İnsanlar ölkə xaricinə çıxmaq istəyən zaman problem ola bilər?
Belə durumla qarşılaşan vətəndaşlar nə etməlidir?
Oxu.Az-ın bu və digər suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavablandırıb.
“COVID-19 pasportunun əldə edilməsi üçün hər kəsin sistemə eyni anda daxil olması səbəbindən elektron xidmətdə yüklənmələr müşahidə olunur. Sözügedən sistemə gün ərzində 700 mindən artıq sorğu daxil olmaqdadır. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən COVID-19 pasportunun vacib olduğu obyektlərlə bağlı bənd iyunun 10-dan, iş və xidmət sahələri ilə bağlı bənd isə iyulun 1-dən qüvvəyə minir.
Həmçinin vətəndaşların nəzərinə çatdıraq ki, “COVID-19 immunitet sertifikatı” son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olmuş vətəndaşlara verilir.
Lakin müşahidələr onu göstərir ki, son altı ayda deyil ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər “COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar. Bir daha vurğulamaq istərdik ki, “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son altı ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər.
Qeyd edək ki, sözügedən sertifikatların daha rahat əldə edilməsi üçün elektron platformanın imkanlarının genişləndirilməsi istiqamətində hazırda təkmilləşdirmə işləri aparılır və qısa zaman ərzində yekunlaşması nəzərdə tutulur”.
“Məlum olduğu kimi, Azərbaycan Respublikasına COVID-19 xəstəliyi əleyhinə vaksinlər mərhələli şəkildə gətirilir. “COVID-19 vaksin sertifikatı”nda qeyd olunan seriya nömrələri ölkəyə gətirilən vaksin partiyalarının nömrələrini bildirir. Seriya nömrəsinin “COVID-19 vaksin sertifikatı”nda əks olunub-olunmaması sənədin etibarlılığına təsir etmir”.