Başqırdıstanda Əmək Məcəlləsinə əsasən, dekabrın 19-dan işəgötürənlər koronavirusa qarşı peyvənd olunmamış işçiləri çıxarmağa və ya uzaq rejimə keçirməyə başlayacaqlar.
“Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən peyvənd olunmamış işçini işdən kənarlaşdırmalı, yaxud distant rejimə keçirməlidir”, - deyə Başqırdıstan “Rospotrebnadzor” departamentindən bildiriblər.
Daha əvvəl bildirilmişdi ki, “Rospotrebnadzor”un Başqırdıstan departamentinin qərarı ilə respublikanın Səhiyyə Nazirliyinə 60 yaş və yaşları yuxarı olan vətəndaşlar, tibb, təhsil, sosial xidmət, nəqliyyat işçiləri, könüllülər, ticarət, xidmət, mənzil-kommunal təsərrüfatı, mədəniyyət sahəsinin əməkdaşları və s. üçün koronavirusa qarşı peyvənd təmini tövsiyə edilib.
Bildirilib ki, işəgötürənlər dekabrın 18-dək işçilərin 80 faizinin peyvəndin iki komponenti ilə peyvənd olunmasını təmin etməlidirlər. Sonradan icbari peyvənd olunacaqlar sıyahısına sənaye, tikinti və layihələndirmə, kənd təsərrüfatı və emal sənayesi sahələrində çalışan təşkilatlar və fərdi sahibkarlar, o cümlədən müqavilə əsasında işləyənlər də əlavə edilib. Bu kateqoriyadan olan vətəndaşlar 30 dekabr 2021-ci il tarixinədək tam peyvənd edilməlidir.
Departamentdən bildirilib ki, sənaye, tikinti və kənd təsərrüfatı sahələrində yoxlamalar dekabrın 30-dan sonra aparılacaq.
Latviyada, Özbəkistan və s. ölkələrdə qanuna yeni düzəliş işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir. ABŞ-da isə federal hökumətin işçiləri, podratçılar və səhiyyə əməkdaşları peyvənd olunmadıqları təqdirdə işdən kənarlaşdırılacaqlar.