Həkimlik dünyanın ən qədim, humanist və məsuliyyətli peşələrindən biridir. Bu peşənin sahibləri ağır xəstəlikləri olanlara ümid və şəfa vermək, insan həyatını xilas etmək baxımından əvəzolunmaz insanlardır. Dünyada çox sayda adlı-sanlı, istedadlı və təcrübəli həkimlər var. Onlar unikal təcrübələri, tibb sahəsində inqilab sayılacaq yenilikləri ilə məşhurdurlar. Lakin bu yazıda Sizə dünyanın məşhur həkimlərindən deyil, kəndimizin fəxri olan, öz peşəsinə cani-könüldən bağlanan və fədakarlığı ilə tanınan Müslüm Aslanovdan bəhs etmək istəyirəm.
Müslüm Zəki oğlu Aslanov 1955-ci ildə Yardımlı rayonunun Anzov kəndində anadan olub. 1973-cü ildə Hamarkənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin ən nüfuzlu fakültəsi sayılan müalicə-profilaktika fakültəsinə qəbul olub. Təhsilini müvəffəqiyyətlə başa vuran Müslüm həkim, universitetdə elmi işçi kimi çalışmaq imkanı olsa da, doğma yurduna qayıtmağı üstün tutub.
1980-ci ildə Yardımlının Hamarkənd tibb məntəqəsində fəaliyyətə başlayan
Müslüm həkim o vaxtdan kənd camaatının hörmətini qazanıb, onların sevimlisinə çevrilib.
O, hər zaman qayğıkeşliyi və həssaslığı ilə seçilib. Gecənin istənilən saatında çağırışa gəlir, texniki avadanlıqların olmadığı şəraitdə belə dəqiq diaqnozlor qoymağı bacarır. Maddi imkanı aşağı olan kənd sakinlərini pulsuz müayinə və müalicə edən Müslüm həkim həm də yaxşı psixoloqdur. Müxtəlif xarakterə malik xəstələrlə ünsiyyət qurmağı, onların etimadını qazanmağı və düzgün müalicə yollarını təklif etməyi bacarır. Hər zaman sağlam həyat tərzinin, düzgün qidalanmanın və zərərli vərdişlərdən uzaq durmağın önəmini təbliğ edir.
Müslüm həkim öz sahəsinin peşəkarı olmaqla yanaşı, həm də dəyərli ziyalı, daim kənd sakinlərinə mənəvi dayaq olan, xeyirdə-şərdə el-obanın işinə yarayan insanlardan biridir. O, təkcə insanların sağlamlığının qayğısına qalmaqla kifayətlənmir, kənddə savadlı, ədalətli bir mühitin yaranması üçün əlindən gələni əsirgəmir.
Müslüm həkimə dəfələrlə böyük şəhərlərdə, daha yaxşı şəraitdə işləmək təklif olunsa da, o, doğma kəndindən ayrılmayıb. Onun fikrincə, yalnız doğulduğumuz yerdə çalışmaqla kəndlərimizin boşalmasının qarşısını almaq mümkündür.
Müslüm həkim ucqar kəndlərdə həkimlik fəaliyyətinin ağır olduğunu, bəzən işığın belə olmadığı şəraitdə insanlara tibbi yardım göstərməyin çətinliyini qəbul etsə də, bu işdən aldığı zövqü, sakinlərin minnətdarlığını hər şeydən üstün tutur. O bildirir ki, xəstələrinin sağaldığını görmək əvəzsiz duyğudur və onu xoşbəxt edir.
Ucqar kəndlərimizdə belə həkimlərin olması həyati vacib məsələdir. Yaxşı olardı ki, Azərbaycan hökuməti səhiyyə sahəsinə xərclədiyi vəsaitlərdən bir hissəsini də Hamarkənd kimi ucqar kəndlərdəki tibb məntəqələrinin müasir avadanlıqlarla təminatına yönləndirərdi. Həmçinin,Müslüm həkim kimi fədakar tibb işçilərinin fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinə dövlət səviyyəsində dəyər verilməsi də çox vacibdir.
Müslüm Aslanov öz fəaliyyəti ilə peşəsini və kənd həyatını sevdirən, cəmiyyətə nümunə olan həkimlərdəndir. Onun fədakarlığı, peşəsinə olan sevgisi və insanlara göstərdiyi diqqət hər kəs üçün örnəkdir. Müslüm həkimin həyatı göstərir ki, sadiqlik, fədakarlıq və insanlara sevgi ilə istənilən çətinliyi aşılmaq mümkündür. O, sadəcə kənddə yaşayan bir həkim deyil, eyni zamanda dəyərdir və bu dəyər cəmiyyətimiz üçün hər zaman əvəzolunmazdır.
Hamarkənd qrupu olaraq ona sağlam canla çox yaşamaq və uğurlar arzu edirik!