Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, 2012-2022-ci illər arasında 21 min penis xərçəngi hadisəsi olub. Xəstələrin 4 mini dünyasını dəyişib, 6 mini amputasiya edilib.
Medicina.az xəbər verir ki, dünyada penis xərçəngi hadisələri sürətlə artır.
2050-ci ildə penis xərçəngi hallarının 77 faiz artacağı proqnozlaşdırılır.
Mütəxəssislər penis xərçənginin hazırda nadir hallarda rast gəlindiyini və bunun qarşısı alına bilən bir xəstəlik olduğuna diqqət çəkirlər.
Diaqnoz qoyulan kişilərin 90 faizindən çoxu 5 il və ya daha çox sağ qalır.
Xəstəlik adətən 60 yaşdan yuxarı kişilərdə görülən xərçəng növüdür və sünnət olunanlarda daha az rast gəlinir.
Müdafiəsiz cinsi əlaqə və qeyri-kafi gigiyena kimi faktorlar penis xərçənginin inkişaf ehtimalını artırır.
2018-ci ildə braziliyalı kişi penisində ziyil olduğunu görüb və həkimə müraciət etmək qərarına gəlib. Həkimlər ona ziyil üçün reseptli dərman istifadə etməyi təklif ediblər. Dərman müalicəsinə baxmayaraq ziyil böyüməyə davam edib və ona 2023-cü ildə penis xərçəngi diaqnozu qoyulub.
Xəstəliyini insanlara izah etməkdə çətinlik çəkdiyini deyən kişi ötən ilin yanvarında qismən amputasiya edilməli olub.
BBC-yə müsahibə verən braziliyalı kişi başqa çarəsinin olmadığını bildirib və əməliyyatın onu təkcə fiziki deyil, həm də mənəvi cəhətdən məhv etdiyini izah edib.
Həkimlər HPV-yə qarşı kütləvi vaksinasiyanın vacibliyinə diqqət çəkirlər. Çünki HPV qadınlarda uşaqlıq boynu xərçənginə, kişilərdə isə penis xərçənginə səbəb olur. Peyvənd isə 90 faizə qədər qorunma təmin edir.
Siqaret aludəçiliyi və sünnətsiz olmaq da penis xərçəngi riskini artırır.
Aysel