Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pedofiliya nədir - xəstəlik, yoxsa cinayət?

  • 2018.02.24 15:46
  • 78696 Baxış
Pedofiliya nədir - xəstəlik, yoxsa cinayət?
Pedofiliya yunan mənşəli sözdür, "uşaq" və "sevgi" sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Digər bir deyimlə uşaqbazlıq mənasını verir. Yetkinlik yaşında olan adamların həddi-büluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bu əlamətin daşıyıcılarını pedofil adlandırırlar.


 

Daha çox kişilərdə müşahidə olunan uşaqbazlığa nadir hallarda qadınlarda da rast gəlmək olur. Pedofiliya yalnız orta yaşlı kişilərdə müşahidə olunmur. Hətta keçid dövründə olan oğlan uşaqlarında da bu əlamətə rast gəlmək olar. Pedofilliyə meylli adam hər yaş qrupundan, peşədən və millətdən ola bilər.


Medicina.az Ailem. az-a istinadən bildirir ki, Azərbaycan Tibb Universiteti psixiatriya kafedrasının dosenti, psixiatr Araz Mənuçehrinin sözlərinə görə, hazırda rəsmi olaraq pedofiliyaya meylli insanlar qəbul edilmiş həqiqi pedofillərdən daha artıqdır. Onlar bu əlaməti rahatlıqla gizlədə bilir və cəmiyyətdə normal şəkildə yaşayırlar. Pedofillərin çox az qismi nəzərə çarpır: "Onları ilk baxışdan tanımaq elə də mümkün deyil. Lakin qəbul edilmiş portret var. Məsələn, onlar ortaboylu olurlar, köklüyə meylli olurlar, beyinləri zəif inkişaf edir. Uşaqlarla rahat dil tapırlar".


Pedofiliyanın xəstəlik olub-olmaması haqda müxtəlif fikirlər var. Daha öncələr bu sahə üzrə tədqiqat aparmış "davranış” psixoloqlarının nəzərincə, pedofiliya xüsusi həzz üçün sonradan qazanılmış xüsusiyyət kimi qəbul edilirdi. Lakin sonralar bunun heç də qazanılmış xüsusiyyət olmadığı məlum oldu. Belə ki, pedofiliyanın anadangəlmə olması ilə də bağlı bəzi araşdırmalar mövcuddur.


 

Psixiatrların sözlərinə görə, pedofiliyanı psixi və hormonal pozğunluq adlandırmaq daha doğru olar. Pedofiliyanın əlamətləri daha çox ağır şizofreniya xəstələrində, narkomaniya, alkoqolizmdən əziyyət çəkən insanlarda, epilepsiya xəstələrində müşahidə olunur. Maraqlıdır ki, pedofiliya əlamətlərinə psixi cəhətdən tamamilə sağlam insanlarda da rast gəlmək mümkündür.

 


Araz Mənuçehrinin sözlərinə görə, uşaqlarla çox rahatlıqla dil tapan pedofillər onları asanlıqla aldatmağa qadirdirlər. Bu akta məruz qalan uşaqların, xüsusilə də qız uşaqlarının cəmiyyətə sonrakı adaptasiyası isə çox çətin olur: "Araşdırmalar göstərir ki, pedofilliyi törədənlər əsasən özləri uşaq yaşlarında bu akta məruz qalıblar. Lakin sonradan onların özlərində də müəyyən problemlər yaranır. Oğlan uşaqlarında ciddi problem olmasa da, qız uşaqlarında adaptasiya problemi çox ağır keçir. Travma qalır".


Ölkəmizdə  uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Pedofiliya bütün dünyada, xüsusilə də Avropa ölkələrində əsas seksual cinayətlərdən biri hesab olunur. Avropada aparılan araşdırmalara görə, təqribən 10 faizdən 20 faizə qədər uşaqlar cinsi istismara məruz qalırlar. 2015-ci ildə Avropa İttifaqı pedofillərə qarşı cəzanın minimum 10 ilə qədər yüksəldilməsi ilə bağlı qanun qəbul edib. İran, İraq, Cənubi Koreya, Səudiyyə Ərəbistanında birmənalı olaraq bu aktı həyata keçirənlər ölüm cəzasına məhkum olunurlar. Bəzi ölkələrdə isə pedofilliyi sübut olunmuş şəxslərin kimyəvi və ya cərrahi üsulla axtalanması həyata keçirilir.


Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində də bununla bağlı müvafiq cəzalar nəzərdə tutulur: "Azərbaycan qanunvericiliyində də bu hala rast gəlmək mümkündür. Belə ki, Cinayət Məcəlləsinin 149-153-cü maddələrinə qədər bu hala geniş yer verilib"

 

Bu gün azyaşlı qız uşaqlarının erkən yaşda evləndirilməsi də pedofiliya sayılır. İlahiyyatçı Elşad Miri deyir ki, İslamda pedofiliya qəbul edilmir və pislənir: "Qurani-Kərimdə qadınlarla bağlı surə var. "Nisa" surəsinin 6-cı ayəsində deyilir ki, nikah yaşına çatana qədər onları sınayın. Nikah yaşı nə vaxtdır? Bəzən valideynlər öz övladlarını erkən yaşda erkən evliliyə məcbur edirlər. Bütün bunlar ona görə olur ki, valideynlər yetkinlik yaşına çatmaqla həddi-büluğa çatmağı qarışdırırlar. İslamda xüsusi yetkinlik yaşı təyin edilməyib. Fərdlərə görə dəyişir. Qanunvericilikdə də bir il əvvələ qədər oğlanlarda evlilik 18, qızlarda 17 idi. Amma indi bərabərləşib. Amma birmənalı olaraq İslam oyuncaqla oynayan uşaqlarının cinsi istismarına rəvac vermir. Dində belə bir şey yoxdur".



Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Yalnız müəyyən dərman preparatları ilə pedofillərdə cinsi istəyi azaltmaqla onların islahı  mümkün ola bilər. Lakin bu, övladlarımızın cinsi istismara məruz qala bilmə təhlükəsini sovuşdurmur. Psixoloqlar və psixiatrlar bildirirlər ki, uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Hər bir valideyn övladına nəzarəti əldən verməməli, onların təlim-tərbiyəsi ilə bilavasitə məşğul olmalıdır. Əks halda, onun da övladı dünya üzrə cinsi zorakılığa məruz qalan 20 faiz uşaqdan biri ola bilər. (apa.tv)