31 may 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
Medicina.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını "Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma" mövzusunda Beynəlxalq Elmi Konfransda salamlayıb. Uşaqların sağlam böyüməsinin və inkişafının ən vacib ümumbəşəri məsələlərdən biri olduğunu deyən C.Məmmədov qeyd edib ki, uşaqlara diqqət və qayğı dövlətimizin daim nəzərindədir.
O, deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə uşaqların sağlamlığı ilə bağlı atılan mütərəqqi addımların nəticəsidir ki, müasir Azərbaycanda prenatal və postnatal xidmət, neonatologiya, pediatriya və uşaq kardiologiyası kimi vacib sahələrdə nəzərəçarpan nailiyyətlər əldə edilmişdir.
Ölkəmizdə uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafı, eləcə də sağlam böyüməsi üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində bir çox Dövlət Proqramı, Tədbirlər Planı, Strategiya qəbul edilərək uğurla icra olunur. Həmin sənədlərdə uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində həyata keçirilən bu işlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi, əvəzsiz xidmətlərini xüsusi vurğulamalıyam”.
Çıxışının sonunda C.Məmmədov Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə təşkil edilmiş konfransın həkimlər və qonaqlar üçün maraqlı bir tədbir olacağına əminliyini bildirib, bütün konfrans iştirakçılarına uğurlar arzulayıb. O, konfransın işini açıq elan edib.
Konfransın rəsmi açılış hissəsində eyni zamanda Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, UNICEF-in Azərbaycan Nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov və Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü Ömer Erdeve çıxış ediblər.
Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Azərbaycan və Türkiyənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssis heyətinin məruzə və təqdimatları ilə davam edib. Kardioloji və neonatoloji panellərdən ibarət olan ilk gündə təqdimatlarla yanaşı yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün sual-cavab sesiyaları və panel müzakirələri də nəzərdə tutulub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 21 DTT balı qazanmış və ZOOM platforması üzərindən 300-dən çox mütəxəssisin iştirakı ilə öz işinə başlamış konfrans 3 gün davam edəcək.