Bu gün hər kəsin ailəsində, yaxud, yaxın çevrəsində azyaşlı uşaqlar var. Xüsusən də havaların soyuq keçdiyi bir ərəfədə ən çox narahatlıq mənbəyinə də elə uşaqlar çevrilir. 3-7 yaş aralığında olan uşaqların tez-tez qripə yoluxması, soyuqlaması valideynləri narahat edir və onlar orqanizmdə başqa probemlərin olduğu barəsində düşünməyə başlayırlar.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, pediatr həkim Həmid Hacıağayev valideynlərin bu narahatlığını əsassız adlandırıb. Onun sözlərinə görə, tez-tez baş verən soyuqlama sadəcə olaraq, orqanizmin immune cavabıdır:
" Mövsüm ərzində 7-8 dəfə qrip olan uşaqların səhhətində heç bir ciddi problem yoxdur. Bu aylarda əksər uşaqlar tez-tez xəstələnir və bu normaldır! Əgər qeyri-adi hallar müşahidə olunmursa, yəni, ağırlaşmalar, sətəlcəm (pnevmoniya), otit (qulağın iltihabı) və s. yaşanmırsa, narahat olmağa dəyməz. Azyaşlı sadəcə qızdırır, öskürür bə burnu axırsa - bu normaldır. Bu, uşağın orqanizminin immun cavabıdır, özünü bu formada göstərir. Burda patologiya axtarmağa çalışmayın. Sadəcə bu, uşağən orqanizminin quruluşudur və belə də davam edəcək.
Qorunmağa gəldikdə isə, bol mövsümü meyvə-tərəvəz vermək, uşaqlarınızın qidalanmasına diqqət etmək, çox yeməyi deyil, vitamin bolluğu baxımından rasionunun müxtəlifliyi vacibdir. Uşağı həmçinin tez-tez təmiz havada gəzdirmək lazımdı.