Millət vəkili Qənirə Paşayevanın karpal tunel sindromundan əziyyət çəkdiyi, bu səbəbdən əməliyyat olunduğu barədə məlumat vermişdik.
Bəs karpal tunel sindromu nədir?
Medicina.az xəbər verir ki, karpal tunel əl barmaqlarında ağrı və keyləşmə ilə müşayiət olunan nevroloji xəstəlikdir. Xəstəliyin əsas səbəbi sümüklər arasında olan sinirlərin sıxılması nəticəsində sümüklər arası vətərlərdə və əzələlərdə ağrıların əmələ gəlməsidir.
Bu sindorma əsasən yaşlı qadınlarda daha çox rast gəlinir. Xəstəlik xüsusən əl işi görən insanlarda peşə xəstəliyi kimi meydana çıxır. Bunlara işarət dili tərcüməçilərini, pianoçuları, rəssamları, kompüterdə çox işləyən insanları aid etmək olar.
Xəstəlikdən əziyyət çəkən insanlar yuxuya getdikdən bir neçə saat sonra əllərində şişmə, keyimə və gicişmə hissi ilə oyanırlar. Xəstə əllərinin şişdiyini hiss edir. Amma əslində əllərdə heç bir dəyişiklik müşahidə edilmir. Xəstələr bir müddət əllərini silkələdikdən, ovxaladıqdan sonra rahat olurlar. Bəzən isə gecə boyunca bir neçə dəfə oyanaraq eyni halı yaşayırlar. Bir müddət sonra isə əldə olan narahatlıq hissi dirsəyə və çiyinə qədər qalxır.
Karpal tunel sindromu əsasən konservativ və cərrahi yolla müalicə edilir.
Bu cür xəstələrə əllərində olan karpal kanala hidrokortizon inyeksiyasından sonra uzun müddət şikayətlər oratadan qalxır. Həmçinin oral yolla kortizon preparatının qəbulu da müsbət nəticə verir. Lakin dərman vasitəsilə müalicə nəticəsində xəstədə müsbətə doğru bir nəticə əldə edilməzsə, o zaman cərrahi müdaxilə vacibdir. Cərahiyyə zamanı sinirə edilən təzyiq aradan qaldırılır. Xəstə nahiyyəyə lokal anesteziya ilə keyləşdirilir və əməliyyatdan sonra evə buraxılır.