Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bu xəstəlik neçə yaşdan sonra başlayır?Parkinsonun ilk əlamətləri

  • 2018.12.07 23:44
  • 14312 Baxış
- Bu xəstəlik neçə yaşdan sonra başlayır? Parkinsonun ilk əlamətləri
Parkinson hərəki pozulma, əzələ rigidliyi, tremor, hərəkətin yavaşıması-bradikineziya, ən sonda isə əzələ aktivliyinin tam itirilməsi ilə xarakterizə olunan xəstəliklər qrupuna aiddir. İlkin əlamətlərin üzə çıxması beynin qara maddəsində olan neyronlarda kifayət qədər dofaminin sintez olunmaması ilə əlaqədar baş verir, bu da öz növbəsində beyin qabığında olan hərəki mərkəzlərin həddən artıq stimulyasiyası ilə nəticələnir.


BakuPost bildirir ki, həkim-nevropatoloq Sevinc Salamova AZƏRTAC-a bu barədə müsahibəsində deyib ki, parkinson xəstəliyinin ilk əlamətləri adətən 55 yaş ətraflarında meydana çıxsa da, hər 10 xəstədən birində bu problem 40 yaşdan əvvəl başlayır: "İlk vaxtlar onun əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır. Nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdəki əldə hərəkət məhdudiyyətini hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.


Xəstələrin ilk şikayətlərindən biri ətraf və beldə ağrılar, əzələlərin qıcolmasıdır. Bəzən qeyri-spesifik əlamətlər-yorğunluq, depressiya, yuxu pozulması, vegetativ dəyişikliklər-qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır".


Həkim-nevropatoloq xəstəliyin fəallaşmasının hipokineziya və rigidliyə səbəb olduğunu söyləyərək sakitlik tremoru haqqında bir qədər ətraflı məlumat verib: "Tremor özünü bir neçə variantda göstərir və onlardan daha çox rast gəlinəni klassik parkinsonik tremordur. Obrazlı desək, həmin əlamət xəstənin sanki əlində qəpik sayması və ya barmaqları arasında dərman yuvarlaması təsiri bağışlayır. Belə tremor hərəkətsiz ətrafda əmələ gəlir, hərəkət zamanı azalır və ya tamam itir. Başqa ətrafda aktiv hərəkət və ya yeriş, həmçinin diqqətin yayınması zamanı tremor çoxalır. Xəstəliyin ilk vaxtlarında parkinsonik tremor asimmetrik, yəni birtərəfli olsa da, sonralar hər iki ətrafa yayılır. Xəstəliyin ən vacib əlamətlərindən olan tremor əksər hallarda əllər, ayaq pəncələri, çənə və dodaqlarda, bəzən isə başda müşahidə olunur. Postural tremor isə bədənə verilmiş hər hansı vəziyyəti saxlamağa çalışanda, məsələn, əllər qarşıya uzadılanda və ya yanlara açılanda baş verir. Postural tremorun essensial, yəni adi tremordan fərqi ondan ibarətdir ki, həmin hal əllər qarşıya uzadılandan dərhal deyil, bir neçə saniyə sonra əmələ gəlir. Parkinson xəstələrinin az qismində yüksək tezlikli postural-kinetik tremor inkişaf edir və bəzən həmin simptom əsas əlamətlərdən bir neçə ay əvvəl yaranır.


Bədən vəziyyətini dəyişəndə və yerimə zamanı müvazinət pozulması postural dayanıqsızlıq adlanır. Normada postural reflekslər müvazinətin və bədənin şaquli vəziyyətdə qalmasını təmin edir. Onların zəifləməsi və itməsi nəticəsində xəstə hərəkət zamanı müvazinətini saxlaya bilmir, üstəlik hipokineziya və rigidliklə birlikdə hərəkətin tamam pozulmasına və yıxılmaya səbəb olur. Hərəkətə başlamazdan əvvəl xəstə sanki yerində tapdanır, bədəninin yuxarı hissəsi getdikcə qabağa əyilir və özünün ağırlıq mərkəzini saxlamaq üçün çox xırda addımlar atmağa başlayır ki, həmin vəziyyətdə çox vaxt yıxılır".


Xəstəliyin müalicəsi barədə danışan həkim-nevropatoloq deyib: "Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motorik sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir. Müasir dövrdə dofaminergik hüceyrələrin parçalanmasını ləngidən preparatlar olmadığından xəstəliyin patogenetik terapiyası mümkün deyil. Hərəki pozulmaların neyroprotektor və simptomatik müalicəsi aparılır.


Cərrahi müalicə üsullarından destruktiv əməliyyatlar müasir dövrdə demək olar ki, aktuallığını itirib. Nadir hallarda tətbiq olunan həmin əməliyyatlar beynin qabıqaltı strukturlarının destruksiyasına əsaslanır, daha çox birtərəfli talamotomiya və pallidotomiya aparılır.


Neyrostimulyasiya üsulu az invaziv əməliyyat olduğuna görə daha geniş tətbiq edilir. Həmin əməliyyat zamanı beyinə yeridilmiş nazik elektrodlar vasitəsilə bədən hərəkətlərinə cavabdeh hissəyə dəqiq hesablanmış kiçik amplitudlu elektrik cərəyanı verilir.


Dərman bitkiləri arasında beynin dofamin sintezinə cavabdeh neyronları aktivləşdirən və dofaminin parçalanmasını ləngidən ginkqo-biloba yarpaqlarından istifadə edilir. Bir xörək qaşığı ginkqo-biloba yarpaqları bir stəkan qaynar suda dəmlənir, süzüləndən sonra gün ərzində yeməkdən əvvəl üç dəfəyə qəbul edilməsi məsləhət görülür".