Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti general mayoru Ceyhun Məmmədov açaraq Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş tədbirdə koronavirusun qan-damar sisteminə təsirinə toxunub.
O, 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaşlılar arasında geniş yayılmış beyin-qan dövranının kəskin pozulmasına dair insult xəstəliklərini epidemiya elan etdiyini söylədi. Bildirdi ki, 2004-cü ildən etibarən hər il 29 oktyabr beynəlxalq səviyyədə Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.
Statistikaya görə, hər il 16 milyon insanda insult baş verir ki, onlardan üçdə biri həyatını itirir. Yerdə qalanı isə əlil olur. İnsult xəstələrinin 31 faizinə digər şəxslərin köməyi lazım olur. Onlardan yalnız 20 faizi əvvəlki normal həyatına qayıda, əmək qabiliyyətini bərpa edə bilir.
C.Məmədov koronavirus pandemiyasının neyrovaskulyar çatışmazlıq problemlərinə ciddi təsir göstərdiyini söyləyib:
“Məlumdur ki, koronavirus qanın laxtalanmasında ciddi patoloji dəyişikliklərə səbəb olur, üstəlik, bu xəstəlik zamanı qəbul edilən dərmanlar da qan-damar sisteminə təsir edir. Bu səbəbdən pandemiyanın bütün dünyada insultla bağlı vəziyyəti daha da ağırlaşdırdığının şahidi oluruq”.