Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Pandemiyanın qəsdən və süni yaradılması fikri cəfəngiyyatdır” - Kembricin azərbaycanlı professorundan koronavirus təhlili

  • 2020.04.27 15:46
  • 2325 Baxış
 “Pandemiyanın qəsdən və süni yaradılması fikri cəfəngiyyatdır”  - Kembricin azərbaycanlı professorundan koronavirus təhlili


Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat qrupunun rəhbəri, professor Qərib Mürşüdov koronavirus pandemiyası ilə bağlı aparılan tədqiqatlar və yaşadığı ölkədə bu virus ilə mübarizə tədbirlərindən danışıb.

Medicina.az publika.az-a istinadən professorun açıqlamarından maraqlı məqamları təqdim edir.

“Hazırda dünya elminin, tibbinin və mühəndisliyin demək olar ki, bütün qüvvələri bu virusla mübarizəyə yönəldilib. O cümlədən bizim institutun da bir qüvvəsi məlum virusun öyrənilməsi üzərində çalışır. Mövcud olan müasir üsullar COVID-19-un molekulyar səviyyədə öyrənilməsinə tətbiq olunur. Əgər virusun molekulyar quruluşu öyrənilərsə, ona qarşı mübarizə aparmaq üçün dərmanlar hazırlanması prosesini sürətləndirmək olar.

Alimlərin qarşısında duran əsas istiqamətlər:

1) Tez cavab verən testlərin hazırlanması; 2) Test edərək insanların virusa yoluxub sağalmasını bilmək; 3) Virusdan müalicə üçün dərmanların hazırlanması; 4) Virusun yayılmasının qarşısını almaq üçün vaksinlərin hazırlanması.

Bu yaxınlarda birinci və ikinci problemin həllini gözləmək olar. Üçüncü və dördüncü problemin həlli isə uzun vaxt tələb edir. Əsas problemlərdən biri dərmanların digər effektlərinin olub-olmamasını yoxlamaqdır. Hazırda dünyada beşdən çox vaksinin insanlar üzərində yoxlanılmasına başlanıb. Onlardan biri Böyük Britaniyada həyata keçirilir.

VİRUS SÜNİ YARADILA BİLƏRMİ?

Bir neçə il əvvəl nəşr olunmuş virusologiya dərsliyində deyildiyi kimi virusların ümumi sayı kainatda olan ulduzların sayından dəfələrlə çoxdur – hardasa 1024. Əlbəttə bunlar qiymətləndirilmədir, dəqiq sayını heç kim bilmir. İndiyə qədər məlum olan hər bir orqanizmə uyğun viruslar məlumdur, bakteriyalardan başlayaraq, bitkilərə və insanlara qədər. Bir orqanizmi yoluxduran virus sürətlə bölünərək həmin orqanizmin məxsus olduğu bütün orqanizmlərin sayı qədər ola bilər. Məsələn, bir insanda bölünən bir növ virusun sayı 7 milyarddan çox ola bilər.


Gəlin bu fikri davam etdirək: yüksək orqanizmlər çoxalanda onların genləri orqanizm daxilində ciddi yoxlanılır və əgər hər hansı yeni gen əvvəlkindən fərqlidirsə onda bu geni məhv etmə mexanizmi başlayır. Viruslarda bu mexanizm zəifdir, bundan əlavə RNT-dən asılı olan müəyyən viruslarda bu yoxlama mexanizmi yoxdur. Buna mutasiya mexanizmi deyilir. Və bunun nəticəsində viruslarda dəyişiklik çox sürətlə gedir. Bundan əlavə, bir növə məxsus olan viruslar genlərini bir-biri ilə dəyişə bilirlər. Buna rekombinasiya mexanizmi deyilir.

Bu özü çox maraqlı sahədir. Beləliklə, iki virus genlərini dəyişərək və mutasiya edərək əvvəl yoluxmadığı orqanizmləri yoluxdura bilir. Bizə məlum olan qrip virusu məhz bu mexanizmə görə quşdan, dəvədən və ya yarasadan/panqolindən insana keçə bilir. Əslində epidemiyaların baş verməsi qeyri-adi hadisə deyil, onların az olması daha çox təəccüb doğurur.



21-ci əsrdə bildiyimiz yeni epidemiyaların sayı 6-dır. 20-ci əsrdə belə epidemiyaların sayı 15-dən çox olub. Bu epidemiyaların qarşısını o halda almaq olar ki, bütün dünya alimləri, həkimləri, mühəndisləri, siyasətçiləri öz gücünü bu işin öyrənilməsinə və problem meydana çıxan kimi dərhal həllinə sərf etsinlər, bu yolda birgə işləsinlər. Təəssüflər olsun ki, hazırda dünyanı parçalayan millətçi qüvvələr daha güclüdür və belə birləşməni bu yaxınlarda gözləmək olmaz. Digər tərəfdən dünyanın müxtəlif hissələri bir-birilə əlaqəlidir, təyyarələr və maşınlar səyahətlərə imkan verir. Bu da o deməkdir ki, əvvəl lokal olan epidemiyaların dünyəvi xarakter almasına təəccüblənmək lazım deyil.

Əslində əksər virusologiya və epidemiologiya dərsliklərində pandemiyanın demək olar ki, zəruriliyi haqda danışılır və belə hadisələrə hazır olmağa çağırılır. Adətən gözlənilən epidemiya kimi yeni qrip epidemiyası misal göstərilir.


Pandemiyanın böyük dövlətlərin güc nümayişi olması və virusun laboratoriyalarda yaradılması cəfəngiyatdır. Elmi məlumatlar göstərir ki, virus təbii yaranıb. Yuxarıda dediyim kimi, epidemiyanın meydana çıxması təəccüblü hadisə deyil”