Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiyada qanunlar, yoxsa insan sağlığı vacibdir? - BİOETİKA NƏDİR?

  • 2020.04.10 17:34
  • 2932 Baxış
Pandemiyada qanunlar, yoxsa insan sağlığı vacibdir?  - BİOETİKA NƏDİR?

Min illərlə insan həyatına və sağlamlığına baxış fəlsəfəsi mövcud cəmiyyətlərin və bu cəmiyyətdə yaşayan insanların mənəvi və psixi dəyərləri ilə müəyyənləşmişdir.

Müasir dövrdə yüksək tibbi-bioloji elmi inkişaf, səhiyyədə yeni texnologiyaların və müalicə metodlarının tətbiqi, insanın şəxsi dəyər və azadlıqlarının ön plana çıxması, bütün sahələrdə olduğu kimi, tibbi-bioloji sferada da “yaxşı-pis”, “həqiqət-yalan”, “düz-səhv” anlayışlarının qarışmasına səbəb olur. Hüquq, prinsip, mövqe, dəyərlər və s. ilə bağlı məsələlərin həllində yeni problemlər doğurur.

Bu qarışıqlıq bir çox hallarda tibbi və bioloji fəaliyyətlərdə hüquqi və deontoloji qarşıdurma yaradır, bəzi hallarda elmin inkişafına mane olur, bəzən isə insanın fiziki, psixi və mənəvi tamlığına qəsd kimi qiymətləndirilir.

Fərdi insan həyatının mahiyyəti və qorunması ilə elmin inkişaf strategiyası arasında duran fundamental sualların cavabını tapmaq o qədər də asan olmur.

Filosofların, bioloqların, həkimlərin, hüquqşünasların üz-üzə gəldiyi və hər kəsin öz mövqeyində müəyyən qədər haqlı olduğu bir şəraitdə xüsusi tip bilikləri və sosial praktikanı özündə birləşdirən bioetika elmi formalaşmışdır.

Bioloji-tibbi bilikləri insani dəyərlərlə uzlaşdıran bioetika son günlərdə dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası dövründə daha da aktuallaşmış, elmi ədəbiyyatda, ictimai münasibətlərdə, sosial fəaliyyətlərdə və məişətdə ön plana çıxmışdır.

Koronavirusla bağlı olaylar dünyada bioetikanın hüdudlarının genişləndirmişdir. İnsanlığa təhlükə ola biləcək elmi tədqiqat, təcrübə və sınaqlara nəzarətin gücləndirilməsi, qaydaların və məsuliyyətin daha da ciddiləşdirilməsi ilə yanaşı, insanlığı təhlükəli viruslardan, səbəbi elmə məlum olmayan xəstəliklərdən və bioloji aktiv proseslərdən qorumaq üçün elmin, alimlərin imkanlarının artırılmasını da aktuallaşdırmışdır.

Bir əsrdən çoxdur ki, (sonuncu 1918 İspan qripi bilinir) buna oxşar qlobal bir pandemiya görməmişik, lakin tarixin daha geniş perspektivindən baxdıqda, insanlıq daha əvvəl bu cür bir çox epidemiya ilə qarşılaşmışdır. Əslində indi belə bir pandemiya ilə mübarizə aparmaq üçün hər zamankından daha yaxşı vəziyyətdəyik, çünki artıq bio-tibb heç vaxt olmadığı qədər inkişaf edib.

Məsələn, qara vəba 14-cü əsrdə ortaya çıxanda, təxminən, 10 il ərzində Çindən Britaniyaya yayılaraq, o zamankı Asya və Avropa əhalisinin, demək olar, üçdə birini məhv etdi. O zaman heç kimin nə baş verdiyi, xəstəliyin səbəbi və nə edilə biləcəyi haqqında təsəvvürü yox idi. Bugün koronavirus pandemiyasına baxdıqda, ən azından kimin virus daşıyıb daşımadığını müəyyən edən testlərin hazırlanması sadəcə iki həftə çəkdi.

Hazırda qlobal mənada ən böyük problem dünyadakı bölünmüşlük, həmrəyliyin olmaması hesab olunur. Bu mənada, bioetika sahəsində həm ölkələr arasında iş birliyi və koordinasiya gücləndirilməli, həm də xalqlar, dövlət-vətəndaş və ayrı-ayrı fərdlər arasında inam artırılmalıdır.

Bir çox alimlərin fikrincə, əslində bu gün bəşəriyyət son illərdə “saxta xəbər pandemiyası” və beynəlxalq və fərdi münasibətlərdə, dünyagörüşündə yol verdiyi nöqsanlara görə hesabat verir.

Özündən qat-qat böyük vahimə gətirən yeni tip koronavirusun yayılması beynəlxalq əlaqələrə, insan-təbiət münasibətlərinə, ekologiya-ekonomika qarşıdurmasına, cəmiyyətin idarəedilmə modelinə, ideoloji fikir və nəzəriyyələrə, ictimai münasibətlər sisteminə, fərdi həyat fəlsəfəsinə, mənəvi dəyərlərə və s. yeni baxış bucağından baxılmasını formalaşdırmaqdadır.

Bütün dünyanı və insanlığı təhlükə qarşısında qoyan virusun bioloji silah kimi istifadə olunmasının qarşısını almaq üçün beynəlxalq və milli standartların və normaların müəyyənləşdirilməsindən pandemiyanın qarşısını alacaq peyvəndlərin, vaksin və dərmanların kəşfinə qədər geniş sahəni əhatə edən proseslərə ayrı-ayrı insan qrupları, peşə sahibləri, dini konfesiyalar, siyasətçilər və fərdlər müxtəlif aspektdən qiymət verməyə çalışırlar. Maraqlı olan da budur ki, onların hər biri öz mövqeyində müəyyən dərəcədə haqlıdır.

Xəstə və ya xəstəliyə yoluxma ehtimalı olan şəxs onun xüsusi karantin şəraitində saxlanmasına, təcrid olunmasına etiraz edir, həkimlər, epidemioloqlar və virusoloqlar bu təcridin daha da gücləndirilməsini və uzunmüddətli olmasını təklif edir, iqtisadçılar dəyən zərəri hesablayır, istehsalın və bazarın gözü ilə məsələyə yanaşırlar.

Siyasətçilər, dövlət rəhbərləri dövləti, asayişi, insanların həyatını və sağlamlığını qorumaq qayğısına qalır, ayrı-ayrı şəxslər öz maddi mənafeyini və maraqlarını önə çəkir. Hüquq müdafiəçiləri pandemiyanın qarşısının alınması və zərərinin azaldılması üçün qoyulan qadağaların insan hüquq və azadlıqlarının əleyhinə olması haqda çoxsaylı və “əsaslandırılmış” arqumentlər gətirirlər. Bu qadağaların insanların ən ali hüququnun-yaşamaq hüququnun qorunmasına yönəldiyini də unudurlar.

Fərdin səhiyyə və səhhət haqda anlayışı və dəyərləri ilə hər cür eksperiment və axtarışlar aparmalı olan professionalların, alim və həkimlərin mövqeləri uyğunlaşmaya bilər.

Bütün bu mövqelər ilk dəfə belə ağır və geniş coğrafiyanı əhatə edən xəstəliklə – virusla üzləşən, çox məsələnin həllinə hazır olmayan cəmiyyətlər üçün təbiidir, anlaşılandır. Bura qarışıq informasiya axınının yaratdığı psixozu, “gələcək xofu” deyilən gərginliyi, mənəvi gücsüzlüyü də əlavə etmək olar. Unutmayaq ki, müxtəlif ziddiyyətli fikirlər cəmiyyətdə inamsızlığa, psixoloji gərginliyə səbəb olur.

Belə halda, bioetik baxımdan məsələni həll etmək “öz bədəninin sahibi olan” fərdin sağlamlıqla bağlı maraqlarını digər şəxslərin, cəmiyyətin, dövlətin maraqları ilə uzlaşdırmaq, müvafiq qadağanedici tədbirlər həyata keçirmək həm etik, həm tibbi, həm də hüquqi baxımdan məqsədəuyğun və qanunauyğun hesab oluna bilər.

“Sənin azadlığın başqasının hüquqlarının başlandığı yerə qədərdir” ifadəsi insan hüquq və azadlıqlarının ana postulatıdır.

Şəxsin sərbəst toplaşmaq, istirahət, azadlıq və s. hüquqları başqalarının yaşamaq və sağlamlıq hüququna, səhiyyəyə, dövlətin fəaliyyətinə təhlükə yaradırsa, o, təcrid olunmalı, profilaktik tədbir kimi cərimə olunmalı, hətta əməl ağır nəticələr törədirsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Bir çox hüquqşünaslardan fərqli olaraq, biz bu tədbirlərin fövqəladə vəziyyət elan olunmadan da uğurla həyata keçirilməsinin mümkün olduğunu düşünürük. Yetər ki, icraçılar öz vəzifələrinə ciddi və məsuliyyətlə, vətəndaşlar isə prosesə anlayışla yanaşsınlar. Xüsusi qeyd etmək lazımdır ki, belə vəziyyətdə məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi prosesə və dövlətin nüfuzuna mənfi təsir göstərə bilər.

Fikrimizcə, hüquqşünas və ləyaqətli məmur qanunların yox, insanların keşiyində durmalı, qayğısına qalmalıdır. Qanun bu yolda bir vasitədir.

Razılaşmaq olar ki, tələsik hazırlanmış bəzi qaydalarda prinsipial olmayan, əsas məqsəddən yayındırmayan boşluqlar, ziddiyyətlər, çatışmazlıqlar, hüquqi baxımdan qüsurlar, nöqsanlar mövcud ola bilər. Bunlar böyük prosesin gedişində kiçik və düzəlməsi mümkün olan məsələlərdir.

Bütün bu problemlərə, müxtəlif fikirliliyə baxmayaraq, mövcud vəziyyətdə dövlət orqanlarının müəyyənləşdirdiyi qaydalara birmənalı əməl edilməli və bir-birimizin həyatının qorunmasında həmrəylik göstərilməlidir.

Unutmayaq ki, bizim evimiz – Yer kürəsi bu qədər kiçik, dünyanın əşrəfi olan İnsan isə bu qədər gücsüzdür.

Sevda Aydın Kərimova

AMEA Hüquq və İnsan Hüquqları İnstitutunun doktorantı