Koronavirus nəzarətdən çıxır. Pandemiyanın piki hələ qabaqdadır. Məlumdur ki, ÜST tövsiyələrinə uyğun olaraq evdə qalmaq, izolyasiya, şəxsi gigiyena bu bəladan qorunmağın əsas yoludur. Artıq insanlarımızın böyük əksəriyyəti evdədir. Küçələrdə olanlar da yaxın günlərdə evlərə yığışdırılacaqlar. Birmənalı olaraq, EvdəQal kampaniyasına hamı dəstək olmalı və buna riayət etməlidir. Nizam-intizam bu krizisdən çıxmaq üçün əsas şərtdir və bu situasiyada dövlətimizin bizə söylədiklərini hamımız yerinə yetirməliyik!
Lakin EvdəQalmaq pandemiyaya qalib gəlməyi mümkün edəcəkmi? EvdəQal kampaniyası 20 apreldə bitəcəkmi?
Medicina.az Azərbaycanın tanınmış tibb mütəxəssisi, professor Vuqar Məmmədovun bu mövzuda geniş təhlilini təqdim edir.
EvdəQal kampaniyası da uzanacaq,
xəstələrimizin sayı da artacaq
Elmi məlumatlara əsaslanan proqnozlar a apreldə pandemiyanın səngiməsi barədə müsbət cavab verməyə imkan vermir. EvdəQal kampaniyası da uzanacaq, xəstələrimizin sayı da artacaq. Bunu hamımız bilməliyik. Lakin gündəlik həyəcanlı məlumatlar bizi qorxutmamalı, təşvişə salmamalıdır, biz buna hazırlıqlı olmalıyıq.
Panika, stress, həyəcan, bədbinlik immun sistemimizi dağıdır, ruhi sağlamlığımızı pozur. Sağlam qalmağımız məqsəddirsə, tək fiziki yox, ruhi cəhətdən də sağlam qalmalıyıq.
Müqəddəs Quran--Kərim deyir ki, düşündüyümüz hər bir zərərdə bir xeyir ola bilər, hər bir xeyirdə də bir ziyan. Bu gün bütün dünya bu müsibəti yaşayır.
Əl-Bəqərə surəsinin 45-ci ayəsi “müsibət vaxtında səbr etməklə Allahdan kömək diləyin” deyir: "Bu ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyil”. Bir çox işlərə bu gün şükür edərək evdə qalaq və Allahdan ölkəmizə, xalqımıza, millətimizə kömək diləyək. Eyni zamanda məni narahat edən məqamlar vardır ki, onları bölüşmək istərdim:
Pandemiya Üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi!
1) Bu pandemiya bu vaxta qədər olan digər pandemiyalardan, epidemiyalardan fərqli olaraq tək tibbi-bioloji bir problem deyil. Bu, insan əli ilə yaradılmış və insanların sağlamlıq və həyatına qarşı yönəldilmiş elə bir virusdur ki, o ciddi qlobal siyasi, sosial, iqtisadi, maliyyə və s. problemləri yaradır. Bunun bioloji silah kimi qəbul edilməsi artıq çox ekspertlər tərəfindən də səsləndirilir. Bildirilir ki, bu, tək pandemiya deyil, bu, müharibədir! Tam aydın olmasa da, ya Çin, ya ABŞ tərəfindən başlanan müharibə!
Üçüncü dünya müharibəsi artıq yetişirdi. İllərlə qurulan beynəlxalq güclər tarazlığı, dünyanın düzəni çalxalanmağa başlamış, ümumi qəbul edilən beynəlxalq hüquq iflic olmuşdur.
Pandemiya üçüncü dünya müharibəsinin qarşısını alıb, onu əvəzlədi. Hərbi müharibəni iqtisadi müharibəyə çevirdi. İqtisadiyyat çökdürüləcək. Turizm, idman, otel, sərgi, konfrans, restoran, şadlıq evləri, logistika, xab, avia, dəniz, kruiz nəqliyyat bizneslərinə güclü zərbə vuruldu. Transmilli şirkətlər, bütün servis biznesləri öz fəaliyyətini dayandıracaq.
Avropa Birliyi və bir çox digər ölkələrdə dəyişikliklər baş verəcək, dəyərlər dəyişəcək, demokratiya unudulacaq, qlobal düzən dəyişəcək. Udan və uduzanlar olacaq. Liderləri güclü olanlar, iqtisadi yastığı möhkəm olanlar qala biləcək, belə liderləri olmayanlar batacaq!
Pandemiya heç bir şey etməsək belə, özü-özlüyündə də bir gün bitəcək. Yaşayan insanların 90%-nın həyatlarının davamı ilə. Lakin bunun məqsədi iqtisadiyyatı çökdürmədən pandemiyanın xoşbəxt sonunu təmin etmək deyil, məqsəd iqtisadiyyatı çökdürərək müxtəlif ölkələrdə vəziyyəti nəzarətə almaqdan ibarətdir.
Pandemiyaya qalib gəməyin 2 yolu var:
2) Koronavirus infeksiyasının hələ heç bir müalicəsi yoxdur və peyvəndin də yaxın aylarda tapılması mümkünsüzdür. Odur ki, çalışın yoluxmayın, evdə qalın, şəxsi gigiyena tövsiyələrinə riayət edin. Onu da bilməlisiniz ki, hamı evdə qalsa belə, yenə də hər gün yeni xəstələrimiz peyda olacaq.
Apardığımız testlərin sayı artdıqca koronavirusa yoluxmuş insanlarımızın sayı artacaq, özü də bütün respublika üzrə. Sayın artması qorxunc olsa da, burada da müsbət tərəflər vardır. Bilin ki, pandemiyaya qalib gəlmək üçün 2 yol var:
- ya peyvənd ixtira olunmalı,
- ya da ölkə əhalisində (dünyadan izolyasiyadan sonra) xəstəliyə qarşı immunitet yaranmalıdır.
Başqa yol yoxdur. Bunların hər ikisi üçün zaman və səbr lazım. İmmunitetin yaranması üçün əhalimizin əhəmiyyətli bir faizinin bu xəstəliyə yoluxaraq sağalması lazım. Odur ki, EvdəQal kampaniyası yoluxma prosesini ləngitmək üçün faydalıdır, ona qalib olmaq üçün kifayət deyil.
Xoş xəbər odur ki, virus nə qədər virulent olsa da, çox ölümcül deyil. Hətta ən pis ssenarisi olan ölkələrdə belə (İtaliya, İspaniya) ölüm faizi 10%-dan çox deyil. Səhiyyəsi yaxşı səviyyədə olan ölkələrdə bu faiz 1.5 – 4% arasındadır (Almaniya, İsrail, Türkiyə).
Yəni yoluxan hər 10 nəfərdən 9-u sağalır. Yoluxanların əksəriyyəti yüngül formada xəstəliyi keçirib normal həyata qayıda bilir. Bu çox yaxşı bir haldır. İtaliyanın səhiyyəsinin bərbad vəziyyətdə olması hələ sovet vaxtlarından “İtalyanların Rusiyada inanılmaz macəraları” filmindən hamımıza yaxşı bəllidir. Məhşur komediyanın başlanğıcında, təcili yardım sanitarları xəstəni palatada boş yataq olmadığı üçün dəhlizdə yerləşdirmək istəyirlər. Şükür ki, səhiyyəmizin sovet dövrü olub...
Əsas məqsəd iqtisadiyyatı çökdürmək, kütləvi panika və psixoz yaradaraq dövlətləri iflic vəziyyətə salmaqdır!
3) Şübhəsiz, bu əsl krizisdir. Lakin bu krizis insanların fiziki mövcudluğuna qarşı yönəlməyib. Əks təqdirdə, ölüm faizi daha çox olan xəstələnmə virusunun tətbiq edilməsinə nə mane olurdu? Bu krizisin əsas məqsədi – iqtisadiyyatı çökdürmək, kütləvi panika və psixoz yaradaraq dövlətləri iflic vəziyyətə salmaq və ya ola bilsin ki, siyasi proseslərə təsir göstərməkdir.
Bunun qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah nəzərə almalıdır ki, əgər insanları uzun müddət evdə saxlamaq lazım olacaqsa – bu da lazım olacaq – o zaman, uzun sürəli, davamlı və effektiv strategiya üçün insanları qorxutmaq yox, onları rahatlaşdırmaq lazımdır. Bu rolu da KİV-lər yerinə yetirməlidir. Ancaq əfsuslar olsun ki, KİV-lər əks fəaliyyət göstərir. Bu, bəlkə Qərargahın tapşırığıdır ki, insanları qorxudaraq evdə saxlayaq. Qısa müddətli hədəfə çatmaq üçün bu doğru ola bilər, lakin bu prosesi uzun müddətli düşünməliyik.
İNSANLARI QORXU İLƏ ÇOX SAXLAMAQ OLMAZ
İnsanlari qorxu ilə 1-2 həftə saxlamaq olar. Lakin bunu daha çox müddət etməli olacağıqsa, burada vətəndaşların, millətin uzun surədə psixoloji durumunu fikirləşməliyik. Bunu flaşmoblarla, roliklərlə yox, obyektiv məlumatla etməli, sağalan insanlar barədə, karantindən çıxanlar barədə faktlarla təqdim etməliyik.
Təkliflərimi Qərargaha göndərmişəm. Krizis zamanı kommunikasiya, əhali ilə məlumat mübadiləsi doğru və dürüst olmalı, insanlar evdə qorxu və panika içində yox, doğru, obyektiv məlumatla təmin edilməlidirlər.
Əfsuslar olsun ki, KİV-lərin əhali ilə məlumat mübadiləsində koronavirus infeksiyası ölümlə bərabərləşdirilir. Televiziyada, internetdə oxuduğumuz materiallar evdə oturan insanları panikaya, stresə, depressiyaya salır. İnsanlar ruhən sarsılır. Gün ərzində oxuduğumuz 10 məlumatdan 9-u neqativdir. Bu hansı məqsədləri güdür?
Dünən televiziya verilişi zamanı dəvət olunduğum bir saatlıq proqram yarısına qədər qısaldıldı. Səbəb o oldu ki, elə danışmalıyam ki, insanları qorxudum, xəstəliyi, xəstələnməni ölüm ilə eyniləşdirim. Bildirirdim ki, evdə qalmaq lazımdır, lakin xəstəlikdən qorxmaq lazım deyil. Çünki ÜST-nin tövsiyələri, dünya statistikası göstərir ki, xəstələnənlərin 80 %-ı xəstəliyi yüngül formada keçirir. Hər 5-6 nəfərdən yalnız biri xəstəxanalıq olur və əksəriyyəti birmənalı olaraq sağalır. Bu onların xoşuna gəlmədi. Dedilər ki, infeksiya ölümlə bərabərləşdirilməlidir.
Bu mövge ilə qəti razı deyiləm, bunu qəbuledilməz hesab edirəm. KİV-lərin vəzifəsi həqiqəti öyrənməkdir və həqiqəti söyləməkdir. Eksperti susdurmaq, əvəzində təsadüfi adamları çağırıb ordan-burdan istədiklərini danışdırmaq olmamalıdır. Müğənnilər, şoumenlər, mədəniyyət işçiləri, deputatlar, bəzi mətləbdən və elmdən uzaq həkimləri də dəvət edib istədiklərinizi dedizdirəcəksinizsə, bu media azadlığı olmadı. Belə bir məqsəd güdülürmü?
Əgər güdülürsə, bunun bir sərhədi olmalıdır. Tibbdə verilən dərmanın dozası düz seçilməlidir. Yaxşı dərman belə artıq dozada toksik, bəzən ölümcül təsir göstərir. Yalan danışmaq lazım deyil, yalanın bu qədər böyük dozada verilməsi ilə, qorxu ilə insanları idarəetmək lazım deyil, panika yaratmaq olmaz. Ona görə də, digər ölkələrin danışan nüfuz sahiblərinə əhalimizin inamı, özümüzünkülərə inamdan daha çoxdur. Türkiyə səhiyyə naziri, Rusiyanın baş sanitar həkimləri, baş məhkəmə-tibbi eksperti...
Gəlin düzünü danışaq. Ekspert fikrini yalnız mütəxəssis verə bilər. Fəlakətlər təbabəti məhkəmə təbabətinin bir tərkib hissəsi olduğu üçün, qoyun sözümüzü deyək - eşitmək istəmirlər. Yalnız mütəxəsiss məlumat okeanını təhlil edib nəyin doğru, nəyin doğru olmadığını söyləyə bilər. Qalanı həqiqətə uyğun olmaya bilər.
Xəstəlikdən qorunmaq, lakin QORXMAMAQ lazımdır!
4) Dünən televiziyada demək istədiyimi indi bir daha insanlarımıza çatdırmaq istəyirəm. KİV-lər tərəfindən bilərəkdən koronavirus infeksiyasının ölümlə bərabərləşdirilməsini, "Xəstələnmə = Ölüm" formulunun hökm sürməsinə şərait yaradılmasını kökündən səhv hesab edirəm, bu qəbuledilməzdir. Məsələn, bir gündə İtaliyada 150 nəfər ölmüşdür. Elə həmin gün də 925-i sağalıb evə yazılmışdır. Sağalanlar haqda yazan-danışan yoxdur, halbuki, bütün ölkələrdə, bütün hallarda sağalanların sayı daha çoxdur. Bir neçə gün əvvəl Rusiyanın mərkəzi kanalında ABŞ-da 105.000 xəstələnmə/1700 ölüm, İtaliyada 90.000/9.000, Çində 85.000/2000, İspaniyada 65.000 xəstələnmə/5000 ölüm rəqəmləri səsləndirilmişdir. Amma nədənsə fokus yalnız ölənlərin üzərindədir. Fokusun istiqamətini neqativdən pozitivə çevirin.
Sağalanların sayı bütün ölkələrdə ölənlərin sayından daha çoxdur. Kütləvi psixozun qarşısını almaq lazımdır. EvdəQal 1-2 həftə davam etməyəcək ki, buna laqeyd baxaq. Bilməliyik ki, virus çox virulentdir, insandan insana, təmasdan asanlıqla orqanizmə daxil olduğu üçün onu tək EvdəQal kampaniyası ilə adlada bilməyəcəyik. Gün ərzində hər bir insan digərləri ilə fiziki ünsiyyətdən başqa əlləri ilə 3000-dək müxtəlif təmas edir. Bunun hamısını nəzarətdə saxlamaq mümkünsüzdür. Evdə oturmağımız həftələrlə davam edə biləcəyi üçün, hansısa nəzarətsiz təmas virusun orqanizmimizə yoluxmağını mümkün edəcəkdir. Ola bilsin artıq edib, çünki xəstəliyin 1-14 gün gizli dövrü olduğu üçün artıq xəstə ola bilərik. Odur ki, xəstəlikdən qorunmaq, lakin QORXMAMAQ lazımdır. Çünki xəstəlik o qədər də ölümcül deyil! Xəstəliyin ölüm faizi yüksək deyil. Şükürlər olsun ki, çox aşağıdır. Uşaqlar, cavanlar və orta yaşlı xəstələrin 80%-ı onu yüngül formada keçirib immunitet qazanacaq. Xüsusi təhlükə immuniteti zəif olan yaşlı insanlar üçündür, 65-dən yuxarı – onlarda tənəffüs ağırlaşmaları daha çoxdur. Digər xüsusi qorunma qrupu - yanaşı xroniki xəstəlikləri olan insanlardır.
Xəstələnənlərin sayı gündən-günə artacaq: pikə hələ çox var!
5) EvdəQal xəstəliyin qarşısını bir müddət alaraq səhiyyə sisteminin birdən-birə yüklənməsinin qarşısını alır. Bu cəhətdən sovet səhiyyə sistemini quranlara Allah rəhmət eləsin. Azərbaycanın müasir səhiyyə sistemi ölkəmizin ən problemli sahələrindən biri olmasına baxmayaraq, həmin o sovet sistemi, sovet prinsipləri şüurda hələ tam dağılmayıb. Sovet həkiminin fəlsəfəsi və əqidəsi hələ qalmaqdadır. Odur ki, Azərbaycan həkimlərinə, tibb işçilərinə eşq olsun ki, onlar ön cəhbədə öz vəzifələrini layiqincə yerinə yetirirlər. Mart ayının əvvələrində, pandemiya siqnalları təzə başlayanda, FB səhifəmdə bildirmişdim ki, səhiyyəmizlə bağlı əsas 2 qabaqlayıcı məsələ həllini tapmalıdır:
- Ekstrakorporal membran oksigenasiyası avadanlıqları gətirilməli.
- Tibb işçilərinin maddi, sosial təminatı və mühafizəsi gücləndirilməli.
Onlara mütəmadi diaqnostikadan keçirilmə, xəstələnərlərsə, yaxşı palata, qayğı, lazım gələrsə oksigenatorlardan prioritetli şəkildə istifadə zəmanəti, digər təzminatlar təmin olmalıdır. Şükür olsun ki, bir həftə sonra ölkə rəhbərliyi koronavirusla mübarizəyə birbaşa cəlb olunan tibb işçilərinin maaşını artırdı, oksigenasiya üçün lazımi avadanlıqları ölkəyə gətizdirdi.
6) Müxtəlif ölkələrdə vəziyyət müxtəlifdir. Pandemiyanın tuğyan etdiyi ölkələr ABŞ, İtaliya, İspaniya və digər Avropa ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, İran və s.
Türkmənistanda məlum səbəblərdən koronavirus ümumiyyətlə yoxdur. Feysbukda yazdığım kimi, Tayvan Çinin böyründə olmasına baxmayaraq, orada da demək olar ki, yoxdur.
Belarus, İsveç, Meksikanın öz yanaşmaları var. Dünyadakı vəziyyətə baxsaq, şükür Allaha, Azərbaycanda vəziyyət o qədər də ağır deyil. 400-ə yaxın aşkar olunmuş xəstəmiz var, 26 nəfər sağalaraq evə yazılıb, yaşı çox və digər xəstəlikləri olan 5 nəfər dünyasını dəyişib. 4 minə yaxın karantində olanlar var.
Qeyd etməliyik ki, dövlətin atdığı addımlar təqdirəlayiqdir. Bir çox ölkələrdən fərqli olaraq, ölkə rəhbərliyinin tapşırığı ilə AZAL Azərbaycan vətəndaşlarının xaricdən evlərinə qayıtmasını təmin etdi, Operativ Qərargah yaradıldı, tibb işçilərinin maaşı artırıldı, könüllülər hərəkatı fəallaşdırıldı, yaşlılara qayğı proqramları yaradıldı, böyük maliyyə vəsaitləri ayrıldı, sahibkarlara dəstək edildi...
Ölkənin Prezidenti, Birinci vitse-prezidenti illik məvaciblərini Koronavirusla Mübarizə Fonduna köçürərək yaxşı nümunə göstərdilər. Krizis vaxtı güclü liderin olması və hamının o lider ətrafında birləşməsi vacib şərtlərdəndir. Şükür Allaha, bu ağır məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev güclü lider olduğunu göstərərək əminlik yaradır ki, Azərbaycandakı vəziyyət pis ssenari ilə getməyəcək.
Lakin onu bilməliyik ki, bütün bunlara baxmayaraq, xəstələnənlərin sayı gündən-günə artacaq. Pikə hələ çox var. İnanmaq istərdim ki, ölkənin pandemiyaya qarşı strategiyasında 2-ci, 3-cü mərhələli fəaliyyət planları da işlənib hazırlanıb. Bilmirəm, məlumatım yoxdur. Onu bilirəm ki, İtaliya və İspaniyanın bu gün bu vəziyyətdə olmaları onlarda bu planların olmaması, məsələyə italyan sayağı laqeyd yanaşmaları və həm də liderlərinin zəif olmaları ilə bağlıdır.
Virusa qalib gələn immunitetdir!
7) Bu vaxta qədər evdə qalmayanların böyük bir qismi evə çörək gətirmək üçün çıxır. Onları qınamaq və günahlandırmaq doğru deyil. Operativ Qərargahın mətbuat konfranslarında, jurnalistlərin küçələrdə onları tutub teleekran qarşısında utandırmaqla, məsələnin həllinə ümid etmək doğru deyil. Onlar da bu millətin övladlarıdır. Qorxutmaqla, cəzalandırmaqla yox, başa salıb xəbərdarlıqla məqsədə nail olmaq lazımdır. Toxun acdan xəbəri olmaz! EvdəQal kampaniyasına çağıran rəsmilər də, müğənnilər də, deputatlar da, buna nəzarət edənlər də, jurnalistlər də bu problemdən uzaqdırlar...
İş başında küçəyə çıxırlar, işləri ilə məşğul olurlar, maaşlarını alırlar, dünya ilə təmasları var. Bir çox insanlarımız pulunu gündəlik əməyi ilə qazanır. İnsanların bir çoxları evdən ona görə çıxır. Şükür olsun ki, nəhayət, bu insanlara əlavə maddi yardımların edilməsi də müzakirə olundu. Yəqin ki, onlara kömək ediləndən sonra onlardan evdə qalmağı tələb etmək mümkün olacaq.
8. Koronavirusla uzunmüddətli mübarizədən qalib çıxmağımız üçün evdə qalmaqla yanaşı immunitetimizi də qorumalıyıq. Virusa qalib gələn evdə qalmaq yox, immunitetdir! Rəsmi göstərişlərdən də daha vacib immunitetinizdir, onu qoruyun! Bir həkim, alim, ekspert kimi tövsiyə edirəm, ruhunuzu, immunitetinizi qoruyun. Bunun üçün:
- Psixoloji rahatçılığınızı qoruyun. Psixoloji stabillik sağlamlığınız və immunitetiniz üçün məlumatlı olmaqdan daha vacibdir. Əgər televiziya, internet, KİV-lərdə olan məlumatlar sizi narahat edirsə, qorxudursa, onlara baxmayın, oxumayın. Əvəzində, telefonla ailə üzvləri ilə, dostlarınızla çoxlu söhbətləşin, ünsiyyətdə olun.
- Təmiz hava vacib şərtdir. Qorunaraq təklikdə təmiz havada olmağınız vacibdir. Evinizin havasını tez-tez dəyişin.
- Yaxşı qidalanmaq vacib şərtdir. Meyvə, tərəvəz, soğan, sarımsaq... yaxşı yuyulmadan sonra. Vitamin əlavələri.
- Fiziki aktivliyi unutmayın. Evdə ayaqüstü işlər fikrləşin ki, daim oturaq və uzanıqlı vəziyyətdə olmayasınız. İdman edə bilsəniz, lap yaxşı.
9) Bir məhkəmə-tibbi eksperti olaraq Operativ Gərargaha bir tövsiyəm də ondan ibarətdir ki, ölüm hallarını necə idarə etməyi indidən fikirləşsinlər. 2005-ci ildən KİV-lərdə, sağlamlıq jurnallarında, Səhiyyə Nazirliyinə məktublarda meyitlərin müayinəsinə aid göndərdiyim tövsiyələr nəzərə alınmadığı üçün bu xidmətin bu kimi işlərə hazır olmadığını indidən bildirirəm. Buraya diqqət yetirin.
Dünyasını dəyişənlərlə nə ÜST, nə də İtaliya sayağı metodla vidalaşmağı qanuna çevirməyin. Azərbaycanlı olaraq öz milli adət-ənənələrimizi qoruyub saxlayın. Bu cür ölüm halları artacaq, onların baş verdiyi halda, bunların dəfni necə olacağı, əzizləri tərəfindən necə son mənzilə yola salınacaqları barədə fikirləşin.
Digər təklif ondan ibarətdir ki, Portuqaliya, Ukrayna kimi ölkələrin təcrübəsinə baxıb VİP-palatalar, VİP-karantinlər bizdə də olmasın. Bu virus bizi ona öyrətməlidir ki, özlərini VİP sayanlar da onların da xəmirinin hamınınkı ilə eyni olduğunu başa düşsünlər.
Bu virus pandemiyası qlobalizm ilə yanaşı, insanlar arasında suni qurulmuş bu baryerləri də ləğv etməyə kömək etməlidir. Yalnız o halda bu kimi krizislərə birgə qalib gələ bilərik. Bu hadisə bir daha onu göstərir ki, milyonları nə suni intellektə, nə də yeni texnologiyalara qoymaq lazım deyil, bunlar hamısı krizis zamanı faydasızdır. Hər şeyi insanlara yönümlü etmək lazımdır.
Vüqar Məmmədov
Tibb elmləri doktoru, məhkəmə təbabəti professoru, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, YUNESKO eksperti