Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Pandemiya ilə vidalaşırıq" - İnfeksionistlər kovidin bitməsindən danışdı

  • 2021.06.08 10:41
  • 2348 Baxış
"Pandemiya ilə vidalaşırıq" -  İnfeksionistlər kovidin bitməsindən danışdı
Koronavirusa yoluxma sayı getdikcə azalır. İyunun 7-nə olan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

Bu göstəricilər pandemiyanın artıq bitmək üzrə olduğuna dəlalət edirmi?

Xatırladaq ki, ötən ilin yay aylarında da virusa yoluxanların sayı aşağı düşmüşdü. Bununla belə, həkimlər payızda növbəti dalğanın olacağını, yoluxma sayının artacağını proqnoz etmişdilər. Bəs görəsən, bu il də payız ayları üçün belə artım ola bilərmi?

Yeri gəlmişkən, ötən gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” peyvəndinin də tətbiqinə başlanılıb. Vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsi üçün Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası nəzərdə tutulub. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. Deməli, hazırda ölkəmizdə koronavirus əleyhinə “CoronoVac”, “Vaxzevria”, “Spunik V” və “Pfizer” vaksinləri tətbiq olunur. Bəs görəsən, bu vaksinlərdən hansı daha effektlidir?

Medicina.az xəbər verir ki, infeksionist-hepatoloq Mərdan Əliyev Musavat.com-a açıqlamasında yoluxma sayının bundan sonra da azalmağa doğru gedəcəyini bildirib:

"Bugünkü göstəricilər yəqin ki, lap aşağı düşəcək. Çünki dünən bazar günü idi. Ümumi götürəndə azalmağa doğru gedir. Az sayda yoluxma halları olacaq. Artıq pandemiya ilə vidalaşırıq deyə bilərik".

İnfeksionist payıza doğru vəziyyətin dəyişib-dəyişməyəcəyinə də münasibət bildirib:

"Təbii ki, bu il fərqlidir. Ötən il yayda proqnozlar verirdik ki, üzü payıza doğru xəstələnənlərin sayı çox olacaq. Amma indi vəziyyət fərqlidir. Çünki indi yoluxub sağalanların sayı da çoxdur, burada təbii immunitet əmələ gəlib. Vaksinasiya olunanların da sayı getdikcə artır. Bu da süni immunizasiyadır. Ümumi həm təbii, həm də süni immunizasiya yaranıbsa, əhalidə 60 faiz immunitet yaranıbsa, artıq pandemiya bitmiş sayılır. Düşünürəm ki, artıq bizdə bu proses baş verib. Əslində yoluxub sağalanlarla bağlı rəsmi rəqəmləri biz 5-ə vurmalıyıq. Çünki yoluxanlar olsa da, xəstəxanada qeydiyyata düşmədilər.

Bundan əlavə, yoluxub həqiqətən də xəstə olanların bəzilərində test cavabı neqativ çıxdı, yəni 3 nəfərdən birində cavab neqativ çıxırdı. Bütün dünyada bu belədir. Bunların hamısını nəzərə alsaq, pandemiya barədə nikbin düşünmək olar. Payıza qədər azalacaq, amma periodik halda, mövsümu qrip kimi daim olacaq".

M.Əliyev hansı peyvəndin daha effektli olmasından da danışıb:

"Pfizer" peyvəndi ən son texnologiya ilə hazırlanıb. Bu daha yaxşı üsul hesab olunur. Hər bir peyvəndin mənfi, müsbət tərəfləri var. Deyək ki, istifadə etdiyimiz “CoronaVac” da pis deyil, ənənəvi üsullarla hazırlanır. Uşaq vaxtından xatırlayırıq, sovetlərin dövründə insanlara vurulan peyvəndlər inaktivləşdirilmiş viruslar əsasında hazırlanırdı. Bu, daha çox özünü doğruldan, sınaqlardan keçmiş bir üsuldur. Amma “Pfizer” son texnologiya əsasında hazırlanıb, o daha dəqiq hesab olunur. İstifadə etmək olar. Onsuz da bütün peyvəndlər həm 3 faza yoxlamadan keçib, həm yan təsirləri azdır, həm də effekti 90 faizdən yuxarıdır. Ona görə də burada seçim etməyə o qədər də ehtiyac yoxdur".

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da yoluxmaın son həftələrdə enməyə doğru getdiyini bildirib:

"Statistik rəqəmlərdə ciddi şəkildə azalma müşahidə edirik. Bu da bizə ümid verir, irəliləyən bir neçə ay ərazində (ən azı sentyabradək) xəstəliyin yenidən alovlanmasını bir müddət görməyəcəyik. Bu, həm iqlim şəraiti ilə bağlıdır, eləcə də əhalinin maskadan daha çox istifadə etməsi, sosial məsafəni gözləməsi, bir qrup insanın xəstəliyi keçirib sağalması və xəstəliyə qarşı immunitet əldə etməsi, bir qrup insanın vaksin olunması, təhsil müəssisələrinə, metroya, “mall”ara məhdudiyyətlərin tətbiq olunması xəstəliyin azalmağa doğru getməsini göstərir. Payızda bizi nələrin gözləyəcəyini öncədən heç kim deyə bilməz. Çünki bu virius da daim mutasiyaya uğrayır. Hansı mutasiyaların ortaya çıxacağını heç kim söyləyə bilməz. Bu da bizə deməyə əsas verir ki, əhali yenidən, xüsusilə payız aylarında məsuliyyətini daha da artırmalıdır. Vaksinasiya olunmayan şəxslər mütləq vaksin olunmalıdır".