Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya gözümüzü necə zəiflədir? – Almaniya mediası

  • 2021.01.29 13:40
  • 1613 Baxış
Pandemiya gözümüzü necə zəiflədir? – Almaniya mediası
Koronavirus pandemiyası dövründə sosial təcrid zamanı insanlar vaxtlarının çoxunu açıq havada deyil, evdə, televiziya, yaxud kompüter, mobil telefon ekranı qarşısında keçirməli olurlar. Ona görə də pandemiya miopiyadan (uzağı görməmə, yaxındangörmə) əziyyət çəkənlərin sayını artırıb. Problem özünü uşaqlarda daha çox büruzə verir.

Novator.az saytı bu mövzuda Almaniyanın “Deutsche Welle” telekanalının apardığı araşdırmanın mətnini ingiliscədən çevirərək oxuculara təqdim edir.

Sosial təcrid, onlayn dərslər və onlayn iş rejimi pandemiyadan əvvəlki dövrlə müqayisədə insanları ekran, mobil telefonlar qarşısında daha çox vaxt keçirmək məcburiyyətində qoyub.

Adamların əksəriyyəti vaxtlarının çoxunu evdə keçirir, çox nadir hallarda açıq havaya çıxa bilirlər. Nəticədə insanın gözü yaxınlıqdakı əşyalara baxmağa alışır və uzağa baxmağın faydası arxa plana keçir.

Göz idmanı

Hərəkətsizlik, o cümlədən göz idmanı etməmək uşaqlarda daha çox fəsada səbəb olur. Son dövrlərdə Çin və Niderlandda aparılan araşdırmalar göstərib ki, COVİD-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətlər nəticəsində miopiyadan əziyyət çəkənlərin sayı kəskin artıb.

Miopiya hallarının xüsusən uşaqlar arasında artdığı müşahidə olunur. Mütəxəssislər bu problemi “karantin miopiyası” adlandırırlar.

Çində 120 mindən çox məktəblinin iştirakı ilə aparılan araşdırma göstərib ki, 2020-ci ildə 6-8 yaş arası uşaqlar arasında miopiya xəstəliyinə meyl əvvəlki illərlə müqayisədə üç dəfəyə qədər artıb. Bu yaş qrupunda görmə qabiliyyəti 0,3 dioptriyaya bərabər olur və miopiyaya meyl çoxalır.

Miopiyaya səbəb olan faktorlar

Uşaqlarda görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi miopiya probleminin erkən yaşlarda başlanması deməkdir. Belə vəziyyət təhlükəlidir. Miopiya xəstəliyinə meyilli olanlarda bu problem getdikcə inkişaf etməyə başlayır.

Uzağı görmə qabiliyyətinin korlanması əksər halda ibtidai sinifdən başlanır və yaş artdıqca proses daha da kəskinləşir. Xəstəlik nə qədər erkən yaşda başlansa, görmə qabiliyyəti bir o qədər tez korlana bilər. Çünki göz alması böyüyəndən sonra görmə qabiliyyətini bərpa etmək çətinləşir.

6-10 yaş arası uşaqlarda göz alması həddən artıq böyüdükdə uzaqda yerləşən obyektləri görmək çətin olur. Miopiyanın kəskinləşməsi torlu qişanın laylanması riskini artırır. Eyni zamanda gözün daxili hissəsi böyük təzyiqə məruz qaldığına görə katarakta riski də yaranır. Bütün bunlar sonralar görmə qabiliyyətinin tamamilə itməsinə gətirib çıxara bilər.

Yaxın məsafədəki obyektlərə uzun müddət baxmaq görmə qabiliyyətinizə mənfi təsir göstərə bilər.

Təhsil səviyyəsi artdıqca görmə qabiliyyətinin zəifləməsi

Brayn Holden Oftalmologiya İnstitutundan verilən məlumata görə, XXI əsrin ortalarına qədər təqribən beş milyard insan, yaxud dünya əhalisinin yarısına qədəri miopiyadan əziyyət çəkəcək.

Son illərdə əsasən sənayenin inkişaf etdiyi ölkələrdə miopiyadan əziyyət çəkən insanların sayı kəskin şəkildə artıb.

Təhsil imkanlarının artması görmə qabiliyyətinin zəifləməsinə birbaşa təsir edir. Təhsilin səviyyəsi yüksəldikcə miopiya riski də güclənir.

Almaniyanın Münster Universitetinin oftalmologiya kafedrasının müdiri Nikol Eter hesab edir ki, kompüter, smartfon və tabletlərdən çox erkən yaşda və intensiv şəkildə istifadə etmək, həmçinin gün ərzində açıq havada kifayət qədər vaxt keçirməmək miopiyanın inkişafına səbəb olur.

Asiya qitəsi ölkələrində uşaqlar və yeniyetmələr arasında miopiyadan əziyyət çəkənlərin sayı orta göstəricidən yuxarıdır. Məsələn, İkinci Dünya müharibəsindən sonra Honkonq, Tayvan və Cənubi Koreyada 20 yaşlı gənclərin yalnız 20-30%-də uzağı görmə qabiliyyəti korlanmışdı. Hazırda bu göstərici 80%-i keçir.

Çində hər beş gəncdən dördü miopiyadan əziyyət çəkir. Asiya qitəsinin digər ölkələrində bu göstərici 95%-ə çatır. Avropada da gənclərin təqribən yarısı miopiyadan əziyyət çəkir.

Çinin ail məktəblərində tələbələrin təxminən 85%-i miopiya problemi yaşayır. Bu, Çində ölkə əhalisinin böyük bir qisminin yaşlandıqca görmə qabiliyyətini itirməsi deməkdir.

Məsafə və gün işığı miopiya ilə mübarizə aparmağa kömək edir

Yaxındakı əşyaya – istər smartfon, istərsə də maraqlı bir kitab olsun – uzun müddət gözlərinizi zilləməsəniz miopiya riskini azalda bilərsiniz. Burada ən mühüm amil məsafədir. Biz tez-tez gözlərimizi ekrandan qaldıraraq ətrafa baxmalıyıq.

Miopiya riskini azaltmaq üçün ən yaxşı üsul açıq havada çox vaxt keçirməkdir. Bu zaman gün işığı göz almasının daha da böyüməsinin qarşısını alır.

Qapalı otaqlarda işığın intensivliyi orta hesabla 300-500 lüks (işıq səviyyəsinin ölçü vahidi) olur. Yay vaxtı günəşli açıq havada isə bu göstərici təxminən 100 min lüksə çatır.

Skandinaviyada aparılan araşdırmalar günün qısa olduğu mövsümdə miopiyanın gücləndiyini, günün uzun olduğu mövsümdə isə stabil qaldığını göstərib.

Mavi işıq yuxuya pis təsir edir

Elektron cihazlardan həddən artıq istifadə təkcə miopiya riskinin artmasına gətirib çıxarmır, eyni zamanda uşaqların gözlərində qıcıqlanmaya, quruluğa və yorğunluğa səbəb olur.

Ekrana uzun müddət baxmaq məkan qavrayışına da təsir göstərir. Elektron cihazlardan həddən artıq istifadə edən insanlar görmə bulanıqlığından, yaxud çəpgözlükdən əziyyət çəkə bilərlər.

Bundan başqa, axşam saatlarında smartfondan istifadə yuxusuzluğa gətirib çıxara bilər.

Nikol Eterin sözlərinə görə, ekranın mavi işığı bizə yuxu gətirən melatonin hormonunun yaranmasına mane olur.

İndi bir çox elektron cihazlarda mavi işığı azaldan gecə rejimi var. Buna baxmayaraq yatmazdan təxminən iki saat əvvəl elektron cihazları kənara qoymaq məsləhətdir.

Gözlərə istirahət və düzgün işıqlandırma lazımdır

Valideynlər öz uşaqlarının, xüsusilə də azyaşlıların elektron cihazlardan istifadəsinə limit qoymalıdırlar.

Ata-ana uşağının görmə qabiliyyətini qorumağa kömək etmək üçün onun ekran qarşısında keçirdiyi vaxtı daraltmalıdır.

Bonn Universitetinin Göz Klinikasının professoru Bettina Vabbels bildirir ki, məsələyə oftalmoloji aspektdən yanaşsaq, 3 yaşa qədər uşaqların kompüter, smartfon və tabletlərdən istifadə etməsi tamamilə yanlışdır.

Professor tövsiyə edir ki, 4-6 yaş arası uşaqlara elektron cihazlardan gün ərzində 30 dəqiqədən artıq istifadəyə imkan verilməsin.

Bettina Vabbelsin sözlərinə görə, ibtidai sinif şagirdlərinin elektron cihazlardan gün ərzində bir saata qədər istifadə etməsi oftalmoloji baxımdan keçərlidir. 10 yaşdan yuxarı uşaqlar isə elektron cihazlardan gündəlik 2 saata yaxın yararlana bilərlər.

Ancaq professorun tövsiyələri təkcə uşaqlara və yeniyetmələrə aid deyil. Böyüklərin də gözlərinin istirahətə ehtiyacı var. Buna görə də gözlərinizi ekrandan tez-tez qaldırmalı, ətrafa baxmalı və açıq havada vaxt keçirməyə çalışmalısınız.

Mənbə: DW.com