Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pandemiya cərimələri ləğv olunsun - Bu, gərginliyi azaldacaq - RƏY

  • 2022.04.19 16:39
  • 1946 Baxış
Pandemiya cərimələri ləğv olunsun  - Bu, gərginliyi azaldacaq - RƏY


Bəzi millət vəkilləri Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğvini təklif edib.

Bildirilib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır. Əvvəllər bu təkliflərə qarşı belə iddia var idi ki, cərimələr ləğv olunsa, əhalidə arxayınlıq yaranar, yoluxma artar. Amma artıq bu təhlükə yoxdur. Bu həm də inflyasiya dönəmində əhaliyə yaxşı bir jest olardı.

Məsələ ilə bağlı Bakupost.az -a Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə açıqlama verib.

O bildirib ki, hökumət pandemiya dövründəki cərimələrə amnistiya tətbiq etməlidir:

“Dünyada cərimələr tətbiq olunarkən insanların həyat şəraitinə, maaşına, yaşam tərzlərinə uyğun tətbiq edilir. Çox təəssüf ki, Azərbaycanda bu, nəzərə alınmır. Bu əvvəldən yanlış cərimələrdir. Digər tərəfdən pandemiya xüsusi bir hal idi. Xüsusi halda pandemiyanın qarşısını almaqdan ötrü bu cərimələr tətbiq olunurdusa, pandemiya artıq bitir və cərimələrin ləğv olunması nəzərdə tutmalıdır. Hökumət bu cərimələrə amnistiya tətbiq etməlidir.

Çünki xüsusi hal artıq aradan qalxıbsa, halın doğurduğu səbəblər də vətəndaşlar üçün yüngülləşdirilməlidir. Həmçinin, cərimələrin ləğv olunmaması üçün hökumət tərəfindən gətirilən arqument məntiqə uyğun deyil. Bu məntiqlə yanaşanda nə cinayətkarlar əfv olunar, nə onlara amnistiya tətbiq olunar. O zaman həmin cinayətkarlar amnistiyaya düşəndən sonra onlara kim təminat verir ki, yenidən cinayət törətməyəcəklər? Hər şey xoşməramlı olmalıdır. Eyni zamanda cərimə amnistiyasının şərtində yazmaq olar ki, növbəti dəfə belə bir hal baş verərsə, həmin adamlar təkrar cəriməyə düşərlərsə onlara amnistiya tətbiq olunmayacaq”.


Ağ Partiyanın sədri Tural Abbaslı da hesab edir ki, cəmiyyətdə bahalaşma ilə bağlı mövcud gərginliyin olduğu bir vaxtda pandemiya dövründəki cərimələrin ləğv olunması ağıllı və məntiqli addım olardı:


“Azərbaycan əhalisinin son illər yoxsulluq səviyyəsi artıb. Belə bir məqamda cərimələrin sayının artması əhalinin vəziyyətini daha da ağır vəziyyətə salır. Düzdür, pandemiya ilə bağlı bütün dünyada bu cərimələr tətbiq olunurdu. Çünki pandemiyanın nə qədər davam edəcəyi bilinmədiyi üçün cərimələr tətbiq olundu. Cərimənin miqdarına gəldikdə isə 100 manatdan başlayıb, 200 manata qədər davam edirdi. Hansı ki, bu da minimum əmək haqqının 30-60%-i deməkdir. Dünyanın heç bir yerində insanların gəlirinin 30-60% -i qədər cərimə yoxdur.


Biz dəfələrlə hökumətə təklif etmişdik ki, cərimələr artıq ləğv olunsun. Bizə əsas arqument gətirilənlərdən biri o idi ki, cərimələri ləğv etsək, insanlar cərimələrdən çəkinməyəcək, pandemiya da davam etdiyi üçün bu qadağalara əməl etməyəcəklər, epidemiyanın daha da yayılmasına şərait yaradacaqlar. Amma artıq biz görürük ki, virusun yayılması xeyli azalıb, statistika aşağı düşüb. Çox ölkələrdə də məhdudiyyətlər aradan qaldırılıb. Əvvəlki kimi məhdudiyyətlərin olmayacağı anonsları da verilib”.

T. Abbaslı vurğulayıb ki, kommunal xərclərin yüksək olduğu, ərzaq məhsullarının bahalaşdığı bir dövrdə cərimələrin ləğv olunması yerinə düşər:


“Ona görə istənilən halda cərimələrin ləğv olunması insanlarımıza faydası olar. Həm də cəmiyyətdə formalaşmış gərginlik var. Nə qədər qəbul etməsələr də, qiymət artımı, yoxsulluqla bağlı böyük gərginlik mövcuddur. Belə bir gərginliyin azaldılması istiqamətində cərimələrin ləğv olunması ağıllı və məntiqli addım olardı. Düşünmürəm ki, cərimələrin ləğv olunması Azərbaycan iqtisadiyyatına hansısa zərbə vuracaq. Nəzərə alsaq ki, dünyada neftin 50 dollardan 114 dollara yüksəlməsi büdcəyə kifayət qədər müsbət təsir edir. Görünən odur ki, bu cərimələrdən də gəlir mənbəyi kimi istifadə edənlər var”.


Fəridə
Baku Post