Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edərək, paytaxtın Yasamal rayonu ərazisindəki çoxmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən kirayədə yaşadığı mənzilin pəncərəsindən intihar məqsədi İlə özünü atıb.
Medicina.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, A.Ələkbərzadə kəllə-beyin travması və bir ayağının sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iki ədəd 1 litrlik “Kuler” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş fikirlərə görə, bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmuş icazəsiz aksiyada iştirak edən A.Ələkbərzadəni intihara vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək, əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.