Özəl klinikalara üz tutan xəstələr bir çox hallarda qiymətlərin yüksək olmasından şikayətlənirlər. Bundan başqa bu klinikaların hər birində eyni xidmətin müxtəlif qiymətlərə olduğunun da şahidi oluruq. Bəzi hallarda həmin tibb müəssisələri bunu xidmət keyfiyyətinin yüksəkliyi, doğru analiz cavabı ilə əsaslandırırlar. Amma təbii ki, bu o qədər də həqiqəti əks etdirmir.
Medicina.az xəbər verir ki, Azərbaycanda özəl klinikalara fəaliyyətləri üçün lisenziya İqtisadiyyat nazirliyi tərəfindən verilir.
Özəl tibb müəssisəsinə lisenziya almaq üçün ödənişin məbləği 2250 manat (fəaliyyət yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə - 1125 manat) müəyyən olunub.
Bu da "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi və Prezidentin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə öz əksini tapıb.
İcazə verilməsi ilə bağlı 10 iş günü tələb olunur. Lisenziya isə müddətsiz verilir. Bundan başqa icazə üçün müəyyən sənədlər təqdim olunmalıdır.
Bəs özəl klinikalarda qiymətlər necə tənzimlənir?
İqtisadiyyat nazirliyindən "Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək sahibkarın hüquqlarından biri kimi müəyyən edilib.
Həmçinin özəl tibb fəaliyyəti üzrə 02.11.2015-29.04.2019-cu il tarixləri arasında verilmiş lisenziyaların sayı haqda məlumat verilib.
Məlumata əsasən, 4 il ərzində 1029 tibb müəssisəsinə fəaliyyət üçün icazə verilib.
Bunlardan çoxu – 763-ü Bakı şəhərində yer alıb. İkinci yerdə isə Sumqayıt (48), digər yerlərdə Gəncə (45), Abşeron (29) qərarlaşıb. Ümumilikdə 2015-2019-cu illər arasında 39 şəhər və rayonda özəl klinikalar fəaliyyəti üçün lisenziya alıb.