Bir insanın yaxın müddətdə tez-tez xəstələnməsi immunitetinin zəiflədiyini göstərir.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır ki, müvafiq müayinələr aparılsın.
İmmunitetin gücləndirilməsi ilə bağlı danışan həkim deyib ki, özbaşına vitamin qəbulu yolverilməzdir:
“Yaxşı olar ki, həkimə müraciət edilsin. Bununla yanaşı meyvə qəbulu arzu olunandır”.
Həkim bildirib ki, stress, oturaq həyat tərzi, əlüstü yeməklərlə qidalanma immun sistemini zəiflədən faktorlardandır:
“Davamlı alkoqollu içki qəbulu, siqaretdən istifadə də immun sistemini zəiflədir. Eyni zamanda bəzi hallarda insanların sadə sudan çox, tərkibində şəkər olan sulardan istifadə edirlər. Bu isə arzuolunmazdır. Yaxşı olar ki, gündəlik maye qəbulunun təmin edilməsi üçün qazsız, şəkərsiz, tərkibində rəngləndiricilərin olmadığı sudan istifadə edilsin”.
D vitamini çatışmazlığı barədə danışan həkim deyib ki, qış aylarından sonra bu insanlar arasında müşahidə edilən hallardandır. Həkim deyib ki, B vitamini, dəmir əskikliyi, eyni zamanda D vitamini çatışmazlığı zamanı ümumi əlamətlərdən biri halsızlıqdır:
“Lakin insan özündə müəyyən narahatlıq hiss edirsə, bu orqanizmin siqnalıdır. Ona görə həkimə müraciət etmək, müayinə olunaraq narahatlığın, halsızlığın, bədəndəki ağrıların bəlli səbəbini müəyyənləşdirmək lazımdır”.