"2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib. Maliyyə baxımından çox baha başa gələn əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir".
Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə nazirliyinin illik kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov hesabat məruzəsində deyib.
O, dövlət hesabına icra olunan əməliyyatların adlarını açıqlayıb:
"Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.
Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Cari ildə 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.
2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.
Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib. Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir".