Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Övladlığa uşaq götürmək istəyənlərin şəxsi kabineti yaradılacaq

  • 2019.07.05 15:46
  • 7083 Baxış
Övladlığa uşaq götürmək istəyənlərin şəxsi kabineti yaradılacaq

"Övladlığa uşaq götürmək istəyən valideyn namizədlər notarial qaydada təsdiq olunmuş ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəklər. Daha doğrusu, həmin ərizə Nazirlikdə yaradılan Alt sistemə inteqrasiya olunacaq”.

 

 
Medicina.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib. Onun sözlərinə görə, həmin Alt sistemdə hər bir vətəndaş özünün şəxsi kabinetini yaradacaq: "Orada müəyyən bölmələr çıxacaq, həmin şəxslər də fərdi məlumatlarını ora daxil edəcəklər. Yəni adı, soyadı, yaşı, evliliyi, uşaqları ilə bağlı və s. İlkin qiymətləndirmədə onların övladlıq götürməyə uyğun olub-olmadıqları müəyyənləşdiriləcək. Daha sonra onların ərizəsi əsasında tələb olunan sənədlər digər dövlət orqanlarının informasiya ehtiyatlarından əldə olunacaq. Bura onların məhkumluğu, sağlamlığı, əmlakı, gəlirləri, kredit borcları ilə bağlı məlumatlar aiddir”.    F. Ələkbərov qeyd edib ki, övladlığa götürmə prosesində müəyyən mərhələlər var: "İlkin mərhələ qeydiyyatdır, daha sonra müsahibələrin, valideyn namizədlərə təlimlərin keçirilməsi və müəssisələrdə uşaqlarla görüşlər. Artıq müəssisələrdə uşaqla görüş keçiriləndən sonra uşağın valideyn namizədin evində yerləşdirilməsi aparılır. Uşaq 3 ay müddətində sınaq müddəti kimi valideyn namizədin evində qalır. Sınaq müddətində uşaq həmin ailə mühitində yaşayır, onlarla uyğunlaşmasına imkan yaranır. Təbii ki, bu mərhələdə də sosial işçilərimiz onları monitorinq edirlər. Ailədə uşağın yaşaması, oradakı ab-hava yoxlanılır. Bu proses övladlığa uşaq götürməyin son mərhələsidir. Bundan sonra sənədlər hazırlanıb məhkəməyə göndərilir. Məhkəmə prosesi uzandığı halda uşaq 3 ay müddətinin sonunda müəssisəyə qaytarılmır. Uşağın ailə mühitindən uzaqlaşdırılmaması üçün bu müddət uzadılır və 4 ay həmin valideyn namizədin evində qala bilir. Sınaq müddətinə qədər artıq valideyn namizəd bütün tələblərə cavab verdiyinə görə uşağın həmin evdə qalmasında problem olmur”.   Şöbə müdirinin müavini bildirib ki, uşağı götürən ailənin evindəki bütün şəxslərlə bağlı tələblər var: "Birincisi, onların müəyyən xəstəliklərinin olub-olmaması, həmçinin ailədə uşaqlar varsa, onların övladlığa götürməyə münasibəti nəzərə alınır. Yenə də burada əsas rolu sosial işçilər həyata keçirirlər. Ailədə monitorinqlər aparılarkən ailə üzvlərinin bir-bir fikirlərini öyrənirlər və bu, ümumi rəydə nəzərə alınır”. F.Ələkbərovun sözlərinə görə, məhkəmə övladlığa götürməni təsdiqləyəndən sonra uşaq həmin valideyn namizədin öz uşağına bərabər sayılacaq. (APA)