Oturaq həyat tərzi sürənlər, xüsusən ofis işində çalışanlar tez-tez həzm sistemində olan problemlərlə üzləşirlər. Belə şəraitdə fəaliyyət göstərənlərdə fiziki aktivlik passivləşir. Bu səbəbdən yenidən yüksək kalorili qidalar əzələlər tərəfindən istifadə edilmir və orqanizmə toplanır. Nəticədə isə artıq çəki problemi yaranır. Bununla üzləşməmək üçün qidalanma zamanı bir sıra qaydalara əməl etmək lazımdır.
Medicina.az Azərtaca istinadən xəbər verir ki, bu barədə məlumat verən həkim-endokrinoloq Gülay Məmmədova deyib: "Ofis işində çalışanlar daim şəkərli qidalar və asan mənimsənilən şəkərlərdən istifadə edirlər. Lakin həmin qidaları quru meyvələr və yaxud qoz-fındıq və çərəzlərlə əvəz etmək daha yaxşıdır. Yağlı və xəmir yeməklərini, zülal tərkibli qidaları azaltmaq, fast-fud yeməklərlə qidalanmaqdansa onu meyvə və tərəvəz salatları ilə əvəz etmək daha düzgündür”.
Mütəxəssislər səhər işə gedərkən normal qidalanmağın vacib olduğunu söyləyirlər. Ofisdə hazır yeməklərdən istifadə etməmək, fast-fuddan uzaq olmaq məsləhət görülür. Meyvə-tərəvəzlərə və onlardan hazırlanmış vitaminli salatlara üstünlük vermək, eləcə də bol su içmək sağlamlığı şərtləndirən səbəblərdəndir. Açıq havada qaçmaq, sürətli yeriş, velosiped, üzgüçülük və bu kimi idman növləri ilə məşğul olmaq da kökəlməmək və formada qalmaq üçün faydalıdır.