Orxideya (səhləb) hələ eramızdan əvvəl 4-5-ci əsrlərdə məşhur idi, hətta Konfutsi onu “çiçəklərin şahı” adlandırıb.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prof. Dr. Aysun Karabulut bu dəyərli çiçəyin insan sağlamlığına faydalarından danışıb.
Karabulut səhləbin havadan karbonu təmizlədiyinə, bu baxımdan həm də təbiət üçün yararlı olduğuna da diqqət çəkib.
O, səhləb çiçəyinin sağlamlığa faydalarını isə aşağıdakı kimi sıralayıb:
Öskürəyi və bəlğəmi aradan qaldırır
Səhləb çiçəyi öskürəkdən əziyyət çəkən insanlar üçün bəlğəmgətirici xüsusiyyətə malikdir. Bu səbəbdən türkəçarədə tez-tez istifadə edilir. Orxideya yarpaqları sinəni yumşaldır, bəlğəmi aradan qaldırır və xəstəyə rahatlıq verir.
Hüceyrə fəaliyyətini stimullaşdırır
Səhləbin yarpaqlarında və toxumlarında bir sıra amin turşuları və alkaloidlər var. Bu kimyəvi birləşmələr hüceyrə fəaliyyətini stimullaşdırır. Bitkidə olan maddələr qan laxtalanmasının da qarşısını alır.
Qalxanabənzər vəzin problemlərində mükəmməl həll yoludur
Qalxanabənzər vəzin ifraz etdiyi tiroksin hormonunun azalması çəkinin artmasına, nizamsız menstruasiya, dərinin sərtləşməsi, saç tökülməsi, qəbizlik kimi problemlərə səbəb olur. Bu hormonun artması isə çəkinin azalması, ürək ritminin pozulması, depressiya, yuxusuzluq və menstrual problemlərə gətirib çıxarır. Səhləb bitkisi hormonları tənzimləyərək bu problemləri arada qaldırır.
Bağırsaqlar üçün faydalıdır
Səhləb çiçəyi qəbizliyin qarşısını alan xüsusiyyətlərə də malikdir. Bağırsaqları rahatlaşdırır, bağırsaqların daha rahat və düzgün işləməsini təmin edir.
Menstrual ağrıları aradan qaldırmaq üçün də bu çiçəkdən faydalanmaq mümkündür.
Prof. Dr. Aysun Karabulutun sözlərinə görə, müxtəlif növ səhləb çiçəklərini qarışdıraraq istifadə etdikdə təsir gücü daha da artır:
"Sadalanan problemlərin həlli üçün orxideya çiçəklərini çay kimi dəmləyərək 15 gün ərzində, gündə 1 stəkan içmək olar.
Orxideyanın qoxusu da stressi azaldan xüsusiyyətlərə malikdir. Ona görə də evi bu bitkilərlə bəzəmək belə sağlamlığınıza müsbət təsir göstərəcək".