Orucluq bitdikdən sonra bədənin bir anda əvvəlki rejimə qayıtmasını gözləmək yanlış olar. Odur ki, aclığa öyrəşmiş orqanizmi 10 gün xurma pəhrizinə məruz qoyaraq həm arıqlaya, həm də aclıq böhranlarının qarşısını ala bilərsiniz.
Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi həkimlər diabet xəstələrinə, hamilə qadınlara, hətta uşaqlara belə bu pəhrizi uyğun hesab edir. Ancaq hər ehtimala qarşı xurma pəhrizindən öncə həkiminizlə məsləhətləşməyiniz vacibdir.
Xurma pəhrizi
10 günlük pəhrizin qaydası isə belədir ki, ilk 3 gün təkcə xurma yeyilməlidir. Daha sonrakı günlərdə menyuya sulu və çox şirin olmayan başqa meyvələr daxil edilə bilər. Pəhrizdə xurma yeməyə məhdudiyyət qoyulmur. İstədiyiniz qədər yeyə bilərsiniz. Quru xurma 70 faiz şəkər ehtiva etdiyi və spesifik dadı olduğu üçün onsuz da onu həddindən artıq yemək mümkün olmayacaq. Gün ərzində acdıqca 2-3 ədəd yeyə bilərsiniz.
Mütləq şəkildə hər gün 2-3 litr su içilməlidir. Bundan əlavə qara çay, yaşıl çay və sadə qəhvə də məsləhət görülür.
Pəhrizə alternativ
Xurma yüksək kalorili məhsuldur və çoxlu miqdarda karbohidrat ehtiva edir. Xurma pəhrizi zamanı bədənin zülallardan məhrum qaldığını bildirən bəzi mütəxəssislər əzələ toxumalarına zərər dəydiyini qeyd edirlər. Onlar belə pəhriz saxlamaq əvəzinə daha asan və faydalı üsul məsləhət görürlər. Belə ki, yumurta, pendir və tərəvəzlərdən ibarət səhər yeməyi, günorta az miqdarda düyü ilə soyutma toyuq və ya ət yemək, axşamlar isə bol tərəvəzli şorba içmək məsləhət görülür. Yatmazdan 2 saat öncə isə 1 stəkan qatıq yeyilməlidir.
Gün ərzində şirniyyat ehtiyacı hiss etdikdə və ya enerjinin azaldığını düşündükdə isə xurma yemək olar. Bu zaman xurma gündə 5-7 ədəd ilə məhdudlaşmalıdır. Çörək və əlavə şirniyyatlar qadağandır.
Bu cür qidalanma 1 aya qədər davam etdirilə bilər.
Aysel