Ayaqqabının formasından, keyfiyyətindən, dəbə uyğunluğundan əlavə rahatlığı da çox önəmli amildir. Narahat ayaqqabı geyinən insanlar ayaqlarına, dolayısı ilə də bədənlərinə nə qədər ziyan vurduqlarından xəbərsiz olurlar. Mağazalarda dəbli və gözoxşayan ayaqqabılarla yanaşı, son zamanlarda tez-tez adını eşitdiyimiz, xüsusi hazırlanmış ortopedik ayaqqabılara da rast gəlmək mümkündür.
Xüsusi hazırlanmış ortopedik ayaqqabılar, görəsən, nə işə yarayır? Sağlam insan bu ayaqqabılardan istifadə edə bilərmi?
Medicina.az bu sualları ortoped-travmatoloq Elmar Cəfərova ünvanlayıb:
- Elmar həkim, ortopedik ayaqqabılar nə işə yarayır. Sağlam insanlar özləri bu ayaqqabılardan istifadə edə bilərlərmi? Yoxsa mütləq həkim göstərişi olmalıdır?
- Ayaqlar bütün bədənin yükünü daşıyır. Buna görə də ayaqqabı seçimi ayaqların rahatlığı üçün çox önəmlidir. Bu səbəbdən də ayaqlarda problemin olub-olmamasından aşlı olmayaraq, hər kəs ortopedik ayaqqabı geyinə bilər. Ortopedik dedikdə çox insan elə düşünür ki, bu ayaqqabıları həkimlər xəstə ayaqlı insanlara təyin edirlər. Əslində isə bu hal yalnız uşaqlara aiddir. Belə ki, uşaqlara ortopedik ayaqqabılar geyindirilərkən daha diqqətli olmaq lazımdır. Uşaqlara yalnız 2 yaş yarımdan sonra mütəxəssis tərəfindən müayinə edildikdən sonra gəzmə probleminin olduğu təsdiqlənərsə, o zaman ortopedik ayaqqabı təyin edilə bilər. Çünki ortopedik ayaqqabılar uşaq orqanizminin normal inkişafına mane ola bilər.
- Ortopedik ayaqqabıların özəlliyi nədir?
- Ortopedik ayaqqabılar ayağın anatomik formasına uyğun olaraq istehsal edilir. Onların içərisində barmaqların rahat olması üçün geniş hissələr və yetərli qədər dərinlik var. Ayağın formasına uyğunlaşan bu ayaqqabılar heç bir halda ayaqda yorğunluq və narahatlıq hissi yaratmır. Bu ayaqqabılar təbii dəridən hazırlanır və ayağın nəfəs almasına səbəb olur. Bunun nəticəsində də ayaqlarda göbələk əmələ gəlmir.
- Ayaqlarında plastoskopiya və podaqra olan insanlar ortopedik ayaqqabıdan istifadə edərək ağrılardan xilas ola bilərlərmi?
- Plastoskopiyası (yastı pəncəlik) olan insanlar uzun müddət ayaq üstə durduqda və gəzdikdə o zaman ayaqlarında kəskin ağrılar və yorğunluq hiss edirlər. Bu cür insanlar təbii ki, adı ayaqqabı ilə çox qısa zamanda diskomfort yaşayacaqlar. Plastoskopiyadan əziyyət çəkən insanlar ortopedik ayaqqabı geyinsələr, bu problemdən birdəfəlik azad olmasalar da, ayaqları daha rahat olacaq. Podaqra zamanı isə ortopedik ayaqqabıların heç bir işə yaramır. Podaqra oynaq problemidir.
Arzu
Medicina.az