Bakıda Azərbaycan ortoped və travmatoloqlarının III Qurultayı keçirilib.
Medicina.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov bildirib ki, ənənəvi olaraq hər üç ildən bir keçirilən qurultay tibb elminin inkişafında aktual məsələlərin müzakirə olunduğu, vacib və geniş miqyaslı tədbirdir.
Onun sözlərinə görə, qurultayın əsas məqsədi qabaqcıl texnologiyalardan və tibbi uğurlardan istifadə edərək səhiyyə xidmətinin prioritet məsələlərini həll etməkdən ibarətdir.
Qurultayda travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinlənilib.