Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Orqanlarını bağışlayanların şəxsiyyət vəsiqəsində xüsusi fin kod ola bilər” – Transplantoloq Mircəlal Kazımi

  • 2019.08.22 17:41
  • 8840 Baxış
“Orqanlarını bağışlayanların şəxsiyyət vəsiqəsində xüsusi fin kod ola bilər” –   Transplantoloq Mircəlal Kazımi
Milli Məclisin payız sessiyasında Azərbaycanda orqan transplantologiyası haqqında qanunun qəbulu gözlənilir. Artıq bu qanunla həm canlı, həm meyitdən könüllü orqan bağışlanması, köçürülməsi məsələləri dəqiq hüquqi statusunu alacaq. Bütün dünyada olduğu kimi bizdə də meyitdən orqan alınması sistemini işə salmaq xüsusilə vacibdir. Çünki canlı insandansa, meyitdən donor alınması daha məqsədəuyğundur.


Transplantologiya qanunun hazırlanmasının işçi qrupuna daxil olan, Azərbaycanın tanınmış transplantoloq cərrahı Mircəlal Kazımi yeni qanunda orqan bağışlaması edən şəxsə kartların verilib verilməyəcəyi məsələsini Medicina.az-a açıqlayıb. 


"Hələ ki, orqan transplantalogiyası barədə qanunda dəyişikliklər gedir və bu ilin payızda yəqin ki, Milli Məclis bu qanunu qəbul edəcək. O qanun hazırlanandan sonda labüd yaranacaq müddəalar olacaq. 


Meyit orqanlarından  orqan köçürülməsinə tələbat var, çoxdur, bunu da tətbiq etmək üçün insanlar hələ sağ ikən orqanlarını bağışlamalı və ya ailə üzvləri tərəfindən icazə ilə meyitin orqanları könüllü bağışlanmalıdır.


Meyitdən orqan hər ölən insanın meyitinin orqanı çıxarılacaq demək deyil. Avtomobil qəzası, hündürlükdən düşən, travma ilə yolda ölənlər donorluq üçün yararlı deyil. 


Morqlardan, qəbirlərdən  meyitin oğurlanıb, orqanını çıxarılması kimi miflər uydurmadır. O halda meyitdən orqan götürülə bilər ki, həmin şəxsin beyin  ölümü ixtisaslaşmış  xəstəxananın reanimasiya şöbəsində olsun. Xəstənin beyin ölümünü keçirdiyinə komissiya qərar verməlidir. Əgər ölən şəxsin bağışlama sənədi varsa, özü sağlığında qərar veribsə, orqanları xüsusi həkimlər götürülür, əgər yoxdursa ailə üzvləri ilə danışıb razılıq alınarsa götürülə bilər. Meyitdən orqan götürülməsi də asan iş deyil və onun xüsusi metodu, avadanlığı var.


Yalnız bunlar dəqiqləşəndən sonra orqan bağışlama qərarı barədə sənədin forması dəqiqləşəcək. Ona görə kiminsə bağışlama kartının olması mümkün deyil. Hələ bilmirik bu kart formasında, sürücülük vəsiqəsi formasında olacaq. Mən şəxsən təklif etmişdim ki, şəxsiyyət vəsiqəsində fin kod ola bilər, bu məlumat sistemə yüklənsin . Belə bir kodun olması cəmiyyətdən gizli olmalıdır, bunun da öz səbəbləri var”.


Kazımi öz orqanlarını bağışlamaq barədə artıq qərar verdiyini və bu işdə həkimlərin öndə olacağını bildirdi:


"Bağışlama mexanizmi kart və ya kodla hüquqi qüvvəyə mindikdən sonra,  mənim və komandamızın, eləcə də digər könüllü həkimlərin adı bu sistemdə olacaq. 


Əgər  Azərbaycanda transplantalogiyada biz bayraqdırıqsa, orqan bağışlama işində də öndə olmalıyıq ki, insanlar arxamızca gəlsin”. 

 

 


“Orqanlarını bağışlayanların şəxsiyyət vəsiqəsində xüsusi fin kod ola bilər” –   Transplantoloq Mircəlal Kazımi