Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Orqanları bağışlamaq istəyənlər hara müraciət etməlidirlər? - Mütəxəssis rəyləri

  • 2018.01.15 10:16
  • 18246 Baxış
Orqanları bağışlamaq istəyənlər hara müraciət etməlidirlər? -  Mütəxəssis rəyləri
Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır.


Medicina.az modern.az-a istinadən xəbər verir ki, qanunun tələbinə əsasən, ölkəmizdə orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.


İnsan orqanlarının və ya toxumalarının transplantasiyası 1997-ci il tarixli "Əhalinin sağlamlığının qorunması haqqında” və 1999-cu il tarixli "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunla tənzimlənir. Qanunvericiliyə əsasən, yalnız toxuma kompanentlərindən hazırlanmış köçürmə materialları və preparatları alqı-satqı obyekti ola bilər.


Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı  Nazirlər Kabinetinin bununla bağlı qərarında müəyyən olunub. Qanuna əsasən, yalnız 9 orqan və ya toxuma bu siyahıya daxildir. 


Transplantasiya obyekti ola biləcək orqanlar: Ürək, ağciyər, qaraciyər, böyrək, mədəaltıvəzi və onun seqmentləri, mədəaltıvəzi 12 barmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişası.


Hüquqşünas Anar Ramazanov bildirib ki, orqan transplantasiyası ilə bağlı qanunvericiklikdə kifayət qədər normativ tələblər var:


"İnsan orqan və toxumalarının transplantasiyası dedikdə qanunvericiliyə görə,  insanın həyatının xilas edilməsi və sağalmasının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanların donorun və ya insan meyitinin orqanları ilə əvəzedilməsi başa düşülür.


Müəyyən qanunlarla yanaşı, Nazirlər Kabinetinin də bu məsələni tənzimləyən iki vacib qərarı var. 2-ci qərar 17 noyabr 2011-ci il 187 nömrəli qərarıdır.


Bu qərarda orqan transplantasiyası ilə bağlı çoxsaylı qaydalar təsdiq edilib.  Burada transplantasiyanın qayda və şərtləri, ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı, orqanların götürülməsi, hazırlanması və saxlanması qaydaları, transplantasiyanın zəruriliyi barədə tibbi qaydalar və s. yer alır”.


Türkiyədə orqan transplantasiyalarının 75 - 80%-i canlı orqanizmdən alınan orqanlarla reallaşdırılır. Ttransplantlar zamanı tamamilə sağlam olan bir şəxsin ehtiyac duyulan orqanının yarısı və ya tamı alınır. Bu arzuolunan vəziyyət olmasa da, orqan çatızmazlığından əziyyət çəkən insanların həyatda qalması üçün ən əlçatan yoldur.


Amerikada və Avropanın digər ölkələrində isə bu statistika əksini göstərir. Canlı orqanlarla edilən transplantasiyalar 25%, meyitlərdən isə 75 - 80%-dir. Türkiyədəki transplantasiya əməliyyatları ilə Avropa və ABŞ  arasındakı fərq budur. Ancaq transplantasiya əməliyyatlarındakı müvəffəqiyyət nisbətləri arasında statistik fərq yoxdur. Türkiyə ölkə olaraq, orqan bağışlanmasında siyahıda sondan ikinci yerdədir və  Avropada bircə Ruminiyadan əvvəl gəlir.

 


Hüquqşünas Anar Ramazanov transplantasiyanın necə reallaşa biləcəyi barədə də məlumat verib:


"İlkin olaraq donordan orqanların götürülməsi barədə hər tərəfli tibbi müayinə aparılır və həkim mütəxəssislərin konsiliumu keçirilir. Onların rəyinə əsasən, donorun sağlamlığına əhəmiyyətli dərəcədə zərər verilmədiyi təsdiq olunarsa, ondan müvafiq orqan götürülə bilər. Orqan transplantasiyası donorun və resipientin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmalar tərəflərə izah edilir və bu barədə onlara surəti təqdim olunmaqla qabaqcadan rəsmi bildiriş verilir. Resipient (orqan köçürülən şəxs)18 yaşına çatmamışdırsa, transplantasiya mütləq onun valideynləri və ya qanuni nümayəndələri tərəfindən yazılı razılıqla həyata keçirilməlidir. Əgər orqan qəbul edən şəxsin həyatı müstəsna dərəcədə təhlükədə olarsa, yəni yalnız kritik durumlarda əməliyyat valideynlərinin razılığı olmadan həyata keçirilə bilər”.


Qeyd edək ki, belə transplantasiya əməliyyatları yalnız ixtisaslaşmış tibb müəssisələrində cərrahi əməliyyatın tələblərinə riayət edilməklə reallaşdırılır. Qanunvericilikdə əsasən, yalnız siyahıda göstərilmiş tibb müəssisələrinin transplantasiya əməliyyatı keçirməyə ixtiyarı var.


Bu tibb müəssisələri aşağıdakılardır:


M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası


Mərkəzi Gömrük Hospitalı


Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Oftalmologiya Mərkəzi


Mərkəzi Neftçilər Xəstəxanası


Mərkəzi Klinika


Respublika Müalicəvi Dioqnostika Mərkəzi


Respublika Talassemiya Mərkəzi


Azərbaycan Tibb Universitetin Tədris-Cərrahiyyə Klinikası

 


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, meyitdən orqan transplantasiyası məsələsində əsas problem beyin ölümü diaqnozunun qoyulması ilə bağlıdır:


 

"Məsələnin həllinə nail olmaq üçün bu iş ölkədə kütləvi şəkildə təşkil olunmalıdır. Birinci növbədə beyin ölümünün kriteriyaları mütləq müəyyənləşdirilməlidir. Yəni 5-6 dəqiqə ərzində  beyin ölümü baş verdiyi halda digər orqanların fəaliyyəti qalarsa, o zaman bu proses – orqanların çıxarılması mümkündür. Bu mənada beyin ölümünün kriteriyası müəyyənləşməlidir. Bu əməliyyatları  hər klinika edə bilmədiyi üçün mütləq şəkildə uyğun klinika seçilməlidir. Orqan transplantasiyaları ilə əlaqəli komissiya yaradılmalı və orqanların bədəndən çıxarılması, onların ölümdən sonrakı yaşam müddətlərinə xüsusi həssas yanaşılmalıdır.Yalnız bundan sonra meyitdən hansısa orqan və ya toxuma götürülə bilər. Bu çox ciddi bir məsələdir. Həm də qeyd etmək istəyirəm ki, transpalntasiya əməliyyatları bütün dünyada bahalı əməliyyatlar hesab olunur. Buna hər bir vətəndaşın imkanı çata bilməz. Sual yaranır ki, dövlət özü bunu kütləvi şəkildə edə bilməzmi?


Xeyr, edə bilməz, bu da mümkün deyil. Problemin həlli üçün icbari tibbi sığorta geniş tətbiq olunmalı və buna uyğun bir mexanizm hazırlanmalıdır. Təbii ki, bunların hamısı vaxt tələb edən işlərdir”. 


Hüquqşünas A.Ramazanov qeyd edir ki, əgər şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ondan donor kimi istifadə olunmasına heç bir halda yol verilə bilməz.


"Şəxs orqan və toxumasının götürülməsi ilə bağlı münasibətini bildirməyibsə, ölümündən sonra yalnız onun yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə həmin meyitin orqanlarının götürülməsinə icazə verilir.


Kimsə öz orqan və toxumasını  donor kimi vermək istəmirsə və həmin şəxs orqanlarının alqı-satqısı, transplantasıyası məqsədilə götürülməsinə məcbur edilirsə, bu halda məcbur edən şəxslərin cinayət məsuliyyəti yarana bilər.


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqan və toxumalarınnı qanunsuz alqı – satqısı 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.


Zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə insanların orqanlarının götürülməsinə məcburetmə hadisəsi baş verərsə, həmin şəxs 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.  


Əgər cinayət zərərçəkən şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilərsə, 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzaladırıla bilər”.



Ölümündən sonra orqan və ya toxumalarını bağışlamaq istəyən şəxslər ölkədə vahid mərkəzi sistemin olmamasından şıkayətlənirlər. Belə ki sağlığında belə donor olmaq istəyən şəxslər var ki, onlar hara müraciət edəcəklərini dəqiq bilmirlər. Ölümündən sonra daxili orqanlarını bağışlamaq istəyən şəxslər valideynlərinə bununla bağlı məlumat versələr də, əksər qanuni nümayəndələr  ölümdən sonra bunun üçün razılıq kağızı vermirlər. 


 

Bütün bu problemlər Azərbaycanda orqan bağışlanması ilə hansısa vahid mərkəzin fəaliyyət göstərməsini zəruri edir. Belə olan halda yaxınlarına orqan bağışlayıb həyatda qalmasına kömək edən şəxslər də orqan çatışmazlığından əziyyət çəkənlər siyahısına düşməz və orqan çatızmazlığından əziyyət çəkən və eyni problemlə dünyasını dəyişən şəxslərin sayında ciddi azalma müşahidə olunar.