Hər gün 10 dəqiqəlik məşq bədəndə təhlükəli iltihabın səviyyəsini azaldır.
Medicina.az xəbər verir ki, bu barədə “Healthnews”a italiyalı tədqiqatçı Jaklin A. Vernarelli məlumat verib.
O, iltihabın ürək-damar xəstəlikləri, xərçəng, diabet və neyrodegenerativ pozğunluqlara səbəb olduğunu bildirib.
Vernarelli və onun həmkarları tərəfindən aparılan araşdırmaya 7 910 könüllü daxil olub.
İştirakçılar yemək vərdişlərini və fiziki fəaliyyət səviyyələri barədə məlumat veriblər. Onlar tam tibbi müayinədən keçiblər. Həmçinin subyektlərin orqanizmindəki iltihabın səviyyəsi müəyyən edilib.
Tədqiqatçılar gündə təxminən 10 dəqiqə orta səviyyədə idman etdiyini bildirən subyektlərdə oturaq həyat tərzi keçirənlərə nisbətən iltihab səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olduğunu aşkarlayıblar. Bu, qanda C-reaktiv zülal, IL-1β, IL-6 və TNF-α konsentrasiyalarının azalması ilə sübut edilib.
Tədqiqatçılar izah ediblər ki, qısa müddətli iltihab, immunitet sisteminin viruslar və bakteriyalar kimi patogenlərlə mübarizə aparmaq üçün aktivləşdiyi təbii bir prosesdir.
Bununla belə, xroniki sistemik iltihab depressiya, demensiya, ürək xəstəliyi, xərçəng, şəkərli diabet kimi bir çox yoluxucu olmayan xəstəliklərə, həmçinin otoimmün xəstəliklərə səbəb olur.
Alimlərin fikrincə, sağlamlığı qorumaq üçün hər gün idmanla məşğul olmaq vacibdir. Tədqiqatçılar qeyd ediblər ki, fiziki fəaliyyətin müalicəvi effekti müntəzəmliklə bağlıdır.
Aysel