Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Oqtay Gülalıyevin son durumu - Yenə əməliyyat olundu

  • 2019.11.21 10:49
  • 7517 Baxış
Oqtay Gülalıyevin son durumu -  Yenə əməliyyat olundu
Türkiyədə müalicə olunan və 20 gündən çoxdur ki, komadan ayılmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində bir yenilik yoxdur. Hər keçən gün onunla bağlı narahatlıqlar artmaqdadır.


Medicina.az xəbər verir ki, Hüquq müdafiəçisinin səhhəti ilə bağlı son məlumatlardan biri sosial şəbəkələrdə onun "gözlərini açdığı” yönündə yayılan xəbərdir. Bu xəbər onun oğlu Təbriz Gülalıyev tərəfindən təkzib edilib.


T.Gülalıyevin oğlunun "Facebook" profilində statusunu təqdim edirik: "Əziz dostlar, atam Oqtay Gülalıyev ”gözlərini açıb" məlumatı yanlışdır. Xahiş edirəm ki, qardaşım Əli Gülalıyev və mən belə bir məlumat vermədiyimiz halda bu cür paylaşımlar edib, insanları səhv məlumatlandırmayın. Tezliklə atamın aramıza qayıtması ümidi ilə..."


T.Gülalıyev son statusunda atasının başqa xəstəxanaya köçürüldüyü barədə məlumat verib: "Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”.


Gülalıyev ailəsinin yaxın dostlarından biri olan Şirin Cəfərli hüquq müdafiəçisi barədə insanları yalan məlumatlar yaymamağa çağırıb: "Son vaxtlar Oqtay bəydən məlumat ala bilməmişik. Amma vəziyyətinin yaxşı olmadığı faktdır. Ailəsinə istinadən məlumatlar yayırıq. Nə məlumat verilirsə, onun həyat yoldaşı tərəfindən verilir. Gözlərini açdığı barədə xəbərlər yayılıb. Amma bu xəbəri ailəsi verməyib. Yanında olan ailəsi olduğu üçün bu barədə onlar dəqiq danışa bilərlər. Bu xəbərə o qədər də inanmıram. Oğlu tərəfindən məlumat verilib ki, bu xəbər yalandır. Belə yalan məlumatlar verilməməlidir”.


O.Gülalıyev barədə son məlumat odur ki, hüquq müdafiəçisi noyabrın 20-də əməliyyat olunub. Modern.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər. "Oqtay bəyin əməliyyatı bitib. Beyindən ödəmi təmizləyiblər və bundan sonra yığılan ödəm axsın deyə "trubka” qoyulub. Həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki ümidverici bir şey yoxdur".


Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

(yeni musavat)