Ötən il oktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alaraq komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdirilir. Komadan ayılmasa da, ailəsinin sözlərinə görə artıq onun vəziyyətində müsbətə doğru dəyişiklik var.
Medicina.az xəbər verir ki, "Azadlıq” radiosuna açıqlamasında xanımı Firuzə Gülalıyeva söyləyib ki, bu il yanvarın 10-da Oqtay Gülalıyevin başında aparılan əməliyyatdan sonra indiyədək olan qızdırması artıq iki gündür ki, düşüb: "Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan sonra reaksiyaları zəifləmişdi. Həkimlər bunu əməliyyatla əlaqələndirirdilər. İndi isə artıq gözlərini açır, əllərini əməliyyatdan əvvəlki tempdə hərəkət etdirə bilir”.
Onun sözlərinə görə, əməliyyat zamanı beyinə qan sızması və başqa mənfi hallar aşkar edilməyib. F.Gülalıyeva deyib ki, yığılan mayenin axıdılması üçün başın sağ hissəsinə şunt qoyulub: "Amma həkimlər Oqtayda şüur oyanıqlığı baş verməsinin zaman alacağını, gözləməyin lazım gəldiyini deyirlər”.
Oğlu Əli Gülalıyev sosial şəbəkədə yazmışdı ki, sonuncu əməliyyat üç saatdan bir az çox çəkib: "Atamın başında kəskin su yığıntısı müəyyən edilib. Həkimlər hesab ediblər ki, həmin suyun baş-beyindən kənarlaşdırılması üçün əməliyyat olunmalıdır. Bu məqsədlə bu əməliyyatı keçiriblər. Həkimlərin dediyinə görə, bu su yığıntısı beynin funksiyasını da yerinə yetirməyə maneçilik törədir, ona görə də əməliyyat zərurətə çevrilib”.
"Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla da bildirdi ki, Oqtay Gülalıyevin ayılması üçün müəyyən zaman lazımdır. Həkimin sözlərinə görə, ayılmadan sonra onun beyninin nə dərəcədə zərər görməsi məlum olacaq.
Bildirək ki, qəza zamanı Oqtay Gülalıyevin beynin sol yarımkürəsi ciddi zərər görüb. Bu hissədən isə insanın yazı yazmaq, danışmaq və digər bu kimi bacarıqları idarə edilir. Ona görə də həkimlər hüquq müdafiəçisinin beyninin nə dərəcədə itkisiz ayılacağını proqnozlaşdıra bilmirlər. Bildirilir ki, Oqtay Gülalıyevin komadan ayılması üçün yavaş-yavaş reaksiyaların əmələ gəlməsi müsbət haldır. İrəli doğru gedişlərin göstəricisidir. Onu da bildirək ki, yanına gedənlərin çəkdikləri videolardan açıq şəkildə görünür ki, Oqtay Gülalıyev gözlərini qırpır, ağzını tərpədir.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.