Hollandiyada polisin əmri ilə bəzi rayon və kəndlərdə qəbirlər açılacaq.
Medicina.az xəbər verir ki, səbəb kimi tibb bacısının yaşlıları öldürdüyü bildirilir. Məlumata görə, tibb bacısı işləyən 21 yaşlı Rahied adlı şəxs, şəkər xəstəsi olmayan yaşlılara insulin vuraraq öldürüb. Polis şöbəsindən verilən məlumatda qeyd edilir ki, şəxsin törətdiyi cinayətlər bununla bitmir. O, təcrübə üçün işlədiyi yerlərdə də 12 nəfəri bu üsulla öldürüb.
21 yaşlı qatilin törətdiyi əməl isə təsadüfən ortaya çıxıb. O, qəflətən halı pisləşən qadına tibbi cəhətdən gərəkli olmadığı halda insulin verib. Bir müddət sonra isə qadın ölüb. Və aparılan araşdırma zamanı faktlar aşkar edilib.
Qatilin bu üsulu seçməyinin səbəbini isə həkimlər belə açıqlayıblar:
"Xəstənin bu səbəbdən öldüyünü tapmaq çox çətindir. Bu uzun və diqqət çəkən araşdırmalardan sonra bəlli ola bilər. İnsulin iynəsinin bir az batması belə bir yaşlını komaya salmağa kifayətdir. Şəkər xəstəsi olmayanlar üçün insulin çox təhlükəlidir”
Mütəxəssislər, bu dərmanın sağlam insanlara vurulduğu halda ölmək ehtimallarının yüksək olduğunu bildiriblər:
"Bu preparatı əldə etmək çox asandır. Rəsmi araşdırmalara görə, 75 və daha yaşlı insanların 80 faizi şəkər xəstəliyindən əziyyət çəkir. İnsulin isə qandakı şəkər səviyyəsini tənzimləyən hormondur. Ancaq xəstə olmayanlar üçün çox təhlükəlidir”.
Hollandiyalı mütəxəssis Frank Van De Goot, xəstələrin ölüm səbəbinin yaxşı araşdırılmadığı üçün bu cinayətin üstünün gec açıldığını vurğulayıb:
"İlk baxış zamanı xəstənin bu səbəbdən öldüyü bilinməz. Qan və sidik analizi nəticəsində aşkar etmək mümkündür”.
Faktla bağlı araşdırmalar davam edir.
Şəhanə Quliyeva