Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qanunverici orqanın İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışında onkoloji xəstələrin müalicəsindəki problemlərdən danışıb.
"Medicina" xəbər verir ki, o, qeyd edib ki, ötən il büdcə müzakirələrində xəstəxanalarda tibbi avadanlıqların yararsız hala düşməsi ilə bağlı məsələ qaldırmışdı:
“Çünki bir neçə xəstəxanada həmin avadanlıqlar müddətini demək olar başa vurub. Sevindirici haldır ki, artıq bu istiqamətdə uğurlu addımlar atılır və əminəm ki, bu sahədəki işlər bundan sonra da davam edəcək”.
Komitə sədri bildirib ki, Xidmətlər Zərfi kifayət qədər genişdir, təxminən, xidmətlərin sayı 3000-ə çatıb: “Lakin hələ də tələbat olan xəstəliklər həmin xidmətlər zərfində yer almayıb. Zərfdə yer alması lazımlı xəstəliklərdən biri də məhz onkoloji xəstələrin müalicə məsələsidir. Zaur müəllim çıxışında onlar üçün ayrılan təxminən 200 milyon manatdan artıq vəsaitə qənaət etdiklərini söylədi. Növbəti ilin dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsi üçün ayrılan vəsaitin məbləği olduqca aşağıdır. Bu vəsaitin artırılmasını təklif edirəm.
Müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması üçün təqribən 200 milyon vəsaitin lazım olduğu açıqlandı. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməyini göstərsin. Çünki bilirik ki, həmin xəstəlikdən əziyyət çəkənlər nə qədər pul xərcləyirlər”.
Ə.Əmiraslanov, həmçinin təklif edib ki, auitizm xəstəliyinin müalicəsi də icbari tibbi sığortaya daxil edilsin.
Aygün Musayeva