Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkoloji xəstəlik eşidəndə elə bilirlər dünyanın sonudur- Onkologiya mərkəzinin baş həkimi

  • 2023.11.07 18:36
  • 3052 Baxış
Onkoloji xəstəlik eşidəndə elə bilirlər dünyanın sonudur - Onkologiya mərkəzinin baş həkimi

Azərbaycanda ötən il iki mindən çox qadında süd vəzisi xərçəngi aşkar edilib. Onların da əksəriyyəti erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub.

Xəstəliyi yaradan, sürətlə artımına səbəb olan üç əsas amil nələrdir? Onkologiyadan əziyyət çəkən pasiyentlər nə üçün müalicə məqsədilə ölkə xaricinə axın edirlər? Bunun əsas səbəbi nədir?



"Medicina" xəbər verir ki, oxu.az-ın suallarını Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli cavablandırıb.


İnsanlar arasında xəstəliklər barədə maarifləndirmə işləri çox aşağı səviyyədədir


“Maarifləndirmə yoxdur. İnsanlar məlumatlı olmadıqları üçün ilk simptomlarda həkimə getmirlər. Onkoloji xəstəliklər barədə insanlar arasında o qədər qorxulu fikirlər formalaşdırıblar ki, insanlar hətta müayinə üçün müəssisəyə gəlmək istəmirlər. Onkoloji xəstəliyin adı gələndə elə bilirlər ki, həyatın sonudur. Əslində, elə deyil. Xəstəliyin birinci, ikinci mərhələsində müalicə başlanılanda çox gözəl nəticə əldə etmək mümkündür. Bizim buna dair çox gözəl nümunələrimiz var”.



Milli Onkologiya Mərkəzində həm peşəkar onkoloq heyəti, həm də avadanlıqlar var. Bu gün ölkə üzrə baxsaq, hər yerdə kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) müayinə üsullarından istifadə edərək pasiyentə dəqiq diaqnoz qoymaq mümkündür”.


Azad Kərimlinin sözlərinə görə, ümumilikdə xərçəng xəstəliyinin nədən, niyə yaranması barədə aparılan elmi araşdırmaların bu günə qədər dəqiq nəticəsi yoxdur:

“Lakin müəyyən təsdiq edilmiş fikirlər, elmi araşdırmalar var ki, faiz etibarı ilə onları amil kimi qiymətləndirmək mümkündür. Söhbət nəinki süd vəzisi, eləcə də digər onkoloji xəstəliklərin yaranmasından gedir.

Süd vəzisi xərçənginin yaranması barədə danışsaq, ilk olaraq bilmək lazımdır ki, qadın və kişi orqanizmi bir-birindən çox fərqlidir. Qadın orqanizminə endokrin sisteminin təsiri güclüdür. Qadınlar özləri incə, zərif olduqları kimi, orqanizmləri də çox həssas olur. Orqanizmdə sinir sistemi o qədər güclü inkişaf edir ki, adi kiçik bir şeyə də ani reaksiya verə bilir. Məsələn, endokrin sistemində gedən kiçik dəyişiklik süd vəzisinə az da olsa, təsir göstərə bilir.

Qadınlarda süd vəzisi xərçənginin yaranmasına bir çox amilləri misal çəkmək olar. Amma ümumilikdə, qadınlar gərək vaxtında ailə həyatı qursunlar, ana olmaq üçün çox gecikməsinlər. Təəssüf hissi ilə deməliyəm ki, bu gün ana südü ilə qidalanan körpələrimizin də sayı azalıb. Bu gün bəzi qadınlarımız arasında dəb halı alıb, yoxsa nədir, bilmirəm, uşaqları əmizdirməkdən qaçırlar. Amma analar bilməlidirlər ki, uşaqlarını vaxtlı-vaxtında əmizdirməlidirlər. Bu, gələcəkdə həm övladlarına, həm də elə anaların özlərinə faydalıdır.


“2021-ci ildə süd vəzisi xərçəngi diaqnozu qoyulan 2 638 qadından 1 294-də diaqnoz xəstəliyin birinci və ikinci mərhələsində aşkarlanıb. 2022-ci ildə isə ilkin olaraq 2 565 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulub. Onlardan 1 306 nəfəri xəstəliyin birinci və ikinci mərhələsində olub. Ümumilikdə götürsək, bu göstəricilər o qədər də qorxunc rəqəmlər deyil. Düzdür, burada müəyyən çatışmazlıqlar var. O da xəstələrin vaxtında qeydiyyata düşməməsidir. Qeydiyyata düşən xəstələr ilin sonunda rəsmi statistika hazırlananda rəqəmlərdə əks edilir. Amma bu rəqəm ölkə üzrə demoqrafik dəyişikliklərə baxdıqda, əhalinin sayı ilə müqayisədə elə də ağır vəziyyət demək deyil”.


Qadınlar bilməlidirlər ki, kiçik bir törəmə zamanla necə böyük fəsad verə bilər. O törəmə ağır fəsadlara yol açmasın deyə həkim radikal cərrahi əməliyyatın seçilməsinə üstünlük verməlidir. Süd vəzisini qoruyucu əməliyyatlar uzun illər ölkədə tətbiq olunub və bu gün də tətbiq olunmaqdadır. Bu əməliyyatların aparılması üçün xüsusi göstəriş olmalıdır. Süd vəzisinin qoruyucu əməliyyatından sonra üç ay sonra xəstə ağırlaşmış formada geri gələcəksə, bu əməliyyatın nə faydası var? Əksinə, xəstəyə ikinci dəfə əziyyət vermiş oluruq. Həkim olaraq biz bunların hər birini bilirik, fərqindəyik. Amma bütün peşəkar həkimlər pasiyentinin, onun səhhətinin yaxşı olmasını düşünür.