İsrail Onkoginekologiya Cəmiyyəti və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə "Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfransda Azərbaycanın, İsrailin və Almaniyanın analoji sahə üzrə mütəxəssisləri ilə yanaşı, yerli tibb müəssisələrinin həkimləri də iştirak edib.
Tədbir səhiyyənin aktual mövzu və məsələlərini əhatə edib, qarşıda duran çətinliklər və onların potensial həlli yolları daxil olmaqla, müxtəlif mövzuların müzakirəsi üzrə sessiya və tanınmış onkoloqların məruzələri şəklində keçirilib.
Konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzi baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev açaraq, onkologiyanın müasir dövrdə inkişafı istiqamətləri və konfransın əsas məqsədləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
MOM Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev Milli Onkologiya Mərkəzi, həmçinin rəhbərlik etdiyi şöbə haqqında geniş söhbət açıb: "Milli Onkologiya Mərkəzi hazırda ölkənin aparıcı mərkəzlərindən biridir. Hər il Avropa ölkələri və digər ölkələrlə müxtəlif memorandumlar imzalanır. Mərkəzdə fəaliyyət göstərən ginekologiya şöbəsində ildə 600-dən artıq cərrahiyyə əməliyyatları keçirilir".
Qeyd edək ki, tədbir çərçivəsində iyunun 9-da Azərbaycan və İsrail mütəxəssisləri arasında onkoginekoloji xəstəliklərə müasir yanaşma mövzusunda dəyirmi masa və müzakirələr, xəstə təqdimatları, diskussiyalar və kliniki müzakirələr olacaq.
İyunun 10-da qonaqların Milli Onkologiya Mərkəzi ilə tanışlığı və cərrahi əməliyyatlarda iştirakı planlaşdırılır.