Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Omega-3 yağ turşularının iltihabəleyhinə təsiri - Necə və hardan əldə etməli?

  • 2021.03.18 16:16
  • 3848 Baxış
Omega-3 yağ turşularının iltihabəleyhinə təsiri  - Necə və hardan əldə etməli?


Bağırsaq divarının epitel hüceyrələri seliklə örtülüdür. Epitel hüceyrələrinin əsas funksiyası zəruri maddələrin orqanizmə daxil olmasını təmin etmək, zərərli maddələrin isə orqanizmə daxil olmasına mane olmaqdır, yəni bağırsağın selikli qişası bağırsaq baryerinin mühüm komponentidir.

Baryer funksiyası


-bağırsaq hüceyrələri arasındakı sıx bağlantılar
-bağırsaq epitelinin üzərini örtən və onu bağırsağın daxili mühitindən qoruyan selik
-bağırsaq mikrobiotası və s. hesabına həyata keçirilir

Bağırsağın selik qatı musin zülalı ilə zəngindir və seliyin gel şəklində olmasını təmin edir. Bağırsağın baryer funksiyasında bir çox bakteriyaların əhəmiyyətli rolu var. Onlardan biri də Akkermansia muciniphila-dır. Akkermansia muciniphila seliyin tərkibindəki musinlə bəslənir və onu enerji hasilatına sərf edir; bu zaman qidalı maddələr hasil edərək bağırsaq mikrobiomundakı digər zəruri bakteriyalara dəstək olur. Akkermancia muciniphila musini parçalayaraq onu qısazəncirli yağ turşularına çevirir; onlardan biri də asetatdır. Asetat digər zəruri bakteriyalar tərəfindən istifadə olunur ki, bunlar da bağırsaq epitel hüceyrələri üçün həyati vacib enerji mənbəyi olan butirat hasil edir.

Bağırsağın selik qatı xarici mühitlə daxili mühit arasında sərhəd rolunu oynayır. Hər hansı bir səbəbdən (sənaye qida məhsulları, kimyəvi dərmanlar, disbioz) selik qatında pozulma baş verdikdə bağırsaq hüceyrələri də zədələnir ki, bu da bağırsağın müdafiə funksiyasını pozaraq, immun reaksiya nəticəsində iltihabın inkişafına səbəb olur. Bağırsaq keçiriciliyi artır, yəni bağırsaqdan qan dövranına zəruri maddələrlə yanaşı, zərərli maddələr də keçir. Yad maddələr immun sisteminin qıcıqlanmasına və bir çox xroniki xəstəliklərin (allergiya, psoriaz, digər dəri xəstəlikləri, autizm, ALS-amiotrofik lateral skleroz, dağınıq skleroz, revmatoid artrit, Kron xəstəliyi, xoralı kolit), metabolik pozulmaların (Şəkərli Diabet II, I, piylənmə, insulin dirənci, ateroskleroz...) inkişafına səbəb olur.

Bağırsaq keçiriciliyinin artmasının səbəblərindən biri kimi bağırsağın selik qatının azalması qeyd olundu. Akkermancia muciniphila musinlə bəslənərək zəruri maddələr hasil edib baryer funksiyasını yaxşılaşdırır. Bir çox tədqiqatlar göstərir ki, bəzi xəstəliklərdə və metabolik pozulmalarda (piylənmə, şəkərli diabet, insulin dirənci) Akkermancia muciniphila-nın miqdarı az olur.

Akkermancia muciniphila musini parçalayaraq ATF sintez edir. Bağırsaq hüceyrələri bu enerjidən istifadə edərək selik ifraz edir. Beləliklə, Akkermancia muciniphila –nın miqdarının çox olması daha çox enerji, bu isə bağırsaq hüceyrələrinin fəaliyyətinin yaxşı olması, selik qatının daha çox olması deməkdir. Bu da bağırsağın qoruyucu funksiyasını dəstəkləyir. Beləliklə, Akkermancia muciniphila selik qatını artırmaqla, bağırsaq divarının qoruyub iltihabəleyhinə təsir göstərməklə bir çox xroniki xəstəliklərin inkişafının qarşısını alır.

Hazırda Akkermancia muciniphila -nın bağırsaqda miqdarının artırılması üçün cəhdlər edilir. Tədqiqatlara əsasən, qidaya balıq yağının (omega-3) əlavə edilməsi Akkermancia muciniphila və Lactobacterium miqdarını artırmışdır. Məlumdur ki, omega-3 yağları iltihabəleyhinə təsir mexanizminə malikdir.

Digər mexanizmlə isə (məsələn, Akkermansia muciniphila-nın miqdarını artırmaqla) bağırsağın baryer funksiyasını bərpa edir, bağırsaq keçiriciliyinin pozulması ilə əlaqəli xəstəliklərin (diabetönü vəziyyət, şəkərli diabet II, piylənmə, sistemli qırmızı qurdeşənəyi, xoralı kolit, Kron xəstəliyi) inkişafının qarşısını alır.