Ölümcül ola bilən dərmanların siyahısı yayıldı: Spasmalgon, Tempalgin...

  • 2024.06.20 12:44
  • 1467 Baxış
Ölümcül ola bilən dərmanların siyahısı yayıldı:  Spasmalgon, Tempalgin...
Avropa Dərman Agentliyi bəzi dərmanların monitorinqini apardıqlarını açıqlayıb.

Medicina.az xəbər verir ki, agentlik aqranulositoza (ağ qan hüceyrələrinin sayının azalması) səbəb olduğu aşkar edilən metamizol tərkibli ağrıkəsicilərin yoxlanıldığını bildirib.

Monitorinq nəticəsində bu dərmanlarla bağlı tövsiyələrin paylaşılacağı qeyd edilib.

“Məlum olan aqranulositoz riskini minimuma endirmək üçün görülən tədbirlərin kifayət qədər təsirli olmaya biləcəyindən narahat olduqdan sonra tərkibində ağrıkəsici metamizol olan dərmanlarla bağlı araşdırmaya başladıq. Təhlükəsizlik komitəsi (PRAC) Aİ-də müxtəlif lisenziyalarla istifadəsinə icazə verilmiş bütün metamizol tərkibli dərmanlar üçün aqranulositoz riskini və mövcud riskin azaldılması tədbirlərini nəzərdən keçirəcək.Komitə aqranulositozun dərmanların fayda-risk balansına təsirini qiymətləndirəcək və Aİ daxilində lisenziyaların davam etdirilməsi, dəyişdirilməsi, dayandırılması və ya ləğv edilməsi barədə tövsiyə verəcək", - deyə agentliyin açıqlamasında vurğulanıb.

Agentlik, həmçinin metamizol tərkibli ağrıkəsicilərin 1920-ci illərdən bəri bütün Avropada istifadə edildiyini bildirərək dərmanların siyahısını paylaşıb:

“Metamizol tərkibli dərmanlar Aİ-nin bir sıra ölkələrində qeydiyyata alınıb: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və İspaniya. Finlandiyada lisenziyası olan yeganə metamizol tərkibli dərman ləğv edilir. Onlar bir sıra adlar altında mövcuddur: Afexil, Algifen, Algifen Neo, Algi-Mabo, Algocalmin, Algopyrin, Algozone, Alindor, Alkagin, Alvotor, Analgin, Benlek, Berlosin, Buscapina Compositum, Dialginum, Dolocalma, Flamborin, Gardan, Hexalgin, Locamin, Metagelan, Metalgial, Metamistad, Metamizol, Metapyrin, Natrijev, Nodoryl, Nofebran, Nolotil, Novalgin, Novalgina, Novalgine, Novaminsulfon, Novocalmin, Panalgorin, Piafen, Piralgin, Pyralgin, Pyralgina, Quarelin, Scopolan Compositum, Spasmalgon və Tempalgin".

Aqranulasitoz nədir?

Aqranulositoz bədəndə birdən-birə inkişaf edə bilən təhlükəli leykopeniya, ağ qan hüceyrələrinin sayının azalmasıdır. Aqranulositoz asemptomatik olur və ya qəfil qızdırma, boğaz ağrısı ilə özünü göstərir. Həm də hər hansı bir orqanın çox sürətlə irəliləyən infeksiyası ilə üzə çıxa bilər. Leykositlər əskik olduğundan, mikroskopik orqanizmlər qan dövranı sisteminə sürətlə daxil olur və onların sayını artıraraq ölümə gətirib çıxarır.


Aysel