Sosial şəbəkələrdə ağır vəziyyətdə olan xəstə uşaqların şəkillərinin paylaşılması bəzən işə yarasa da, çox zaman dələduzluğa yol açır. Bu yaxında talassemiyalı uşaqların pulunu mənimsəyən qrupun qalmaqallı məhkəməsi çox gizlinlərin üstünü açır.
“Medicina” xəbər verir ki, Azərbaycanda bir neçə nəfər və ya qrup sırf bu yolla pul qazanmaqla məşğuldur. Belə ki, dələduzlar bütün səhifələrdə, əlləri çatan hər yerdə müxtəlif uşaqların şəklini, kartlar paylaşaraq müalicə üçün pul yığır.
Əlbəttə ki, ürəyi dözməyən, nəziri olan və ya sadəcə yaxşılıq etmək istəyən insanlar kartlara 5-10 manat göndərir.
İnanmayanlar isə profil sahibinə yazaraq, ailənin nömrəsini, ünvanını istəyir, uşağın hansı xəstəxanada olduğunu soruşur. Bu zaman həmin hesab bloklanır.
Medicina.az daha dəhşətli faktın üstünü açıb. Belə ki, dələduzlar uşaqlardan kimin sağ, kimin artıq öldüyünü belə bilmir.
Şəkli paylaşılan uşaqlar arasında çoxdan rəhmətə gedənlər var. Onları bu uşaqların valideynləri də tapa bilmir.
Uşaqların şəkilləri nə vaxtsa sosial şəbəkədən və ya elə valideynləri aldadaraq əldə olunur, paylaşılır.
Eyni adam 10-20 uşağın şəklini reklam edərək, əldə etdiyi pulları özünə xərcləyir, ev, maşın alır, bu işi “biznesə” çevirib.
Kartlar müxtəlif banklarındır, hətta həmin adama aid olmaya bilər, ona görə kartlar belə tez –tez dəyişir. İşin izinə düşənlər isə bloklanır.
Hüquq mühafizə orqanlarının artıq belə dələduzluğun izinə düşməsi lazımdır. Əks təqdirdə ölü uşaqların üzərindən pul qazananlar cəzasız qalacaq.
Bu fotolardakı uşaqlardan 3-ü artıq həyatda deyil.
DİQQƏTLİ OLUN, BU KART HESABLARINA PUL GÖNDƏRMƏYİN!
Aygün Musayeva
MEDİCİNA.AZ