Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkəmiz Hindistanda yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil olunub

  • 2023.03.01 10:02
  • 1436 Baxış
Ölkəmiz Hindistanda yüksək səviyyəli  beynəlxalq tədbirdə təmsil olunub
Beynəlxalq Pediatriya Assosiasiyasının “IPA 2023” konqresində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə və APA-nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov məruzə ilə çıxış ediblər.


Medicina.az xəbər verir ki, ötən həftə Hindistanın Qandinaqar şəhərində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 30-cu konqrensi və Hindistan Pediatriya Akademiyasının (PEDICON) 60-cı konfransı keçirilib.


Tədbirdə 500-ə yaxın beynəlxalq nümayəndə, dünyanın aparıcı tibb jurnallarının redaktorları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının xüsusi nümayəndələri iştirak ediblər.


Azərbaycanlı nümayəndələrin məruzələrində əsas mövzu genetik testlərin aparılmasında etik problemlərlər, eləcə də tədqiqat aparan şəxslərin xəstələrə etik yanaşmasına həsr olunub.


Həmçinin məruzələrdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanda səhiyyə və uşaq sağlamlığına göstərdiyi böyük diqqətdən, ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, vətəndaşların sağlamlığının təmin edilməsi istiqamətində atılan addımlardan, əhalinin müasir səhiyyə xidmətləri ilə təmin olunması yönündə son illər icra olunan layihələrdən danışılıb.


“IPA 2023” konqresində tanınmış yerli və xarici pediatrlar bir araya gələrək, qlobal səhiyyə mövzuları, o cümlədən yeni tədqiqatlar, innovasiyalar, qabaqcıl texnologiyalar və tibbi avadanlıqlar, pediatriyanın üzləşdiyi problemlər, onların həlli yollarını müzakirə ediblər.


Bundan əlavə, IPA və PEDICON-nun təqdimatında dünyanın bir çox ölkələrindən ən son innovasiyalar – yeni texnologiyalar, qabaqcıl tibbi alətlər və avadanlıqlar nümayiş etdirilib.


Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 100 ilə yaxındır səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya Azərbaycan Səhiyyə Nazirliyinin, eləcə də dünyanın nüfuzlu səhiyyə təşkilatlarının innovativ layihələrində, beynəlxalq tədbirlərində yaxından iştirak edir və səmərəli təkliflər irəli sürür.