Ölkəmizdə uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur.
Medicina.az xəbər verir ki, bunu "Heydər Əliyev İli"nə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma” mövzusunda Beynəlxalq elmi-praktik konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
Nazir müavini bildirib ki, ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlər nəticəsində 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb:
"Bu qlobal infeksion problemdir və bununla mübarizədə beynəlxalq təşkilatlar əl-ələ verərək çalışır, müxtəlif ölkələrdə vərəmlə bağlı vəziyyəti dəyərləndirir və tövsiyələrini verirlər. Burada biz BMT, ÜST kimi beynəlxalq təşkilatları qeyd edə bilərik. Ölkəmizdə də vərəmlə mübarizədə də beynəlxalq qurumların tövsiyələrk üzərində qurulur. Keçən il vərəm xəstəliyi olan uşaqların reabilitasiya, müalicəsi üçün sanatoriya əsaslı təmirdən çıxıb, təhvil verilib".