Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Onkoloji xəstələr adekvat müalicə ala bilmirlər...”

  • 2018.11.06 16:25
  • 8195 Baxış
“Onkoloji xəstələr adekvat müalicə ala bilmirlər...”
Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır.


Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Onun sözlərinə görə, onkoloji xəstələrin müalicəsi üçün şiş əleyhinə dərmanların alınması ilə bağlı hər il vəsait ayrılır: "Lakin bu preparatların həddindən baha olmasını və yeni preparatların meydana çıxmasını nəzərə alaraq, bu vəsaitin artırılmasına böyük ehtiyac var. Ayrılan vəsait kifayət etmir və xəstələr adekvat müalicə ala bilmirlər”.


2019-cu il üçün nəzərdə tutulan büdcə layihəsinin sosial yönümlü olduğunu deyən Ə.Əmiraslanov qeyd edib ki, səhiyyə sahəsində ən ağır xəstəliklər üzrə 16 dövlət proqramı həyata keçirilir: "Ölkəmizin 3 bölgəsində icbari tibbi sığorta layihəsi pilot olaraq həyata keçirilir. Bu pilot layihə gözəl nəticəsini verir. Məncə, yaxın gələcəkdə ölkəmizdə icbari tibbi sığorta tam olaraq tətbiq ediləcək”.


Ə.Əmiraslanov əlavə edib ki, ölkəmizdə kök hüceyrə mərkəzinin yaradılması da vacibdir: "Bununla bağlı müxtəlif instansiyalara müraciət edilib. Azərbaycanda belə mərkəzin yaradılmasını minlərlə insan gözləyir”.