Ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi kəkələməni artıran başlıca səbəblərdir
Son illərdə kəkələmə hallarının xüsusilə uşaqlar arasında artdığını nəzərə alaraq, bu haqda valideynlərə, əsasən də gənc valideynlərə maarifləndirmə məqsədlə qısa məlumat verməyi lazım bildik və mütəxəssisə müraciət etdik.
"Medicina" xəbər verir ki, ATU-nun Nevrologiya kafedrasının assistenti, həkim-nevroloq İsa Alışanov kəkələmənin artikulyasiya aparatının nitq aktının formalaşmasında iştirak edən əzələlərinin funksional və ya orqanik genezli qıcolmaları səbəbindən baş verdiyini dedi.
Bildirdi ki, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, danışıqda tez-tez fasilələrin olması ilə müşahidə edilən nitq qüsurudur. Onun sözlərinə görə, ən çox 2-6 yaş arasında inkişaf edən kəkələməyə qızlarla müqayisədə daha çox oğlanlarda rast gəlinir.
Həkim-nevroloq kəkələməyə gətirib çıxaran əsas amillərdən danışaraq qeyd etdi ki, ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi və s. kəkələməni artıran başlıca səbəblərdir. Eyni zamanda insan psixikasına mənfi təsir edən uzunmüddətli patoloji vəziyyətlər, uşağın baş beyin funksiyalarının müxtəlif səbəbli doğuş zədələri, hipoksiya, asfiksiya, beyin silkələnmələri və digər pozulma halları da adıçəkilən nitq qüsurunu kəskinləşdirə bilər.
Kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə həmyaşıdları ilə ünsiyyətdə olarkən müəyyən problemlərlə qarşılaşırlar. Bu da onların həyat tərzinə, xüsusən də davranışına, xasiyyətinə və rəftarına mənfi təsir göstərir:
“Belə ki, kəkələyən uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmaya, tək qalmağa, hətta təcavüzkarlığa meylli olurlar. Ən başlıcası isə, danışmağa həvəs göstərmirlər, ünsiyyətdən qaçırlar. Onlarda loqofobiya inkişaf edir. Ona görə də valideynlər övladlarının kəkələdiyini hiss etdikləri andan pediatra, ilk növbədə uşaq nevroloquna müraciət etsələr, problem böyüməz və nəticədə kəkələmə aradan qalxar”.
Müalicənin daha effektli olması üçün uşaq nevroloqu, psixoloq və loqopedin əlaqəli işləməsinin vacibliyinə toxunan həkim, diaqnoz vaxtında qoyulduqda və müalicə düzgün aparıldıqda, tam sağalmaya nail olmağın mümkünlüyünü diqqətə çatdırdı.
Xatırladaq ki, kəkələmədən əziyyət çəkən ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, kino aktrisası, müğənni və model Merilin Monro, məşhur fizik, riyaziyyatçı, astronom və kimyaçı alim İsaak Nyuton və nitq qüsurlu digər tarixi şəxsiyyətlər özlərini ifadə etməyi bacarıblar.
Aygün Musayeva