Öd kisəsi xərçənginin inkişafı üçün risk faktorları açıqlanıb.
Medicina.az xəbər verir ki, bu barədə cərrah-onkoloq, kimyaterapevt Anton Elkin “Lenta.ru”ya danışıb.
Onun sözlərinə görə, 50 yaşdan yuxarı qadınlar xərçəngin bu növünə daha çox həssasdırlar.
Onkoloq deyir ki, alimlər hələ də bu meylin məntiqi izahını tapmayıblar. Bəlkə də bunda hormonal səviyyələr rol oynayır. Bununla belə, ekspert xərçəngin inkişafının əsas təxribatçısı kimi öd daşının adını çəkib.
“Daşlar öd kisəsinin divarlarını zədələyir, hüceyrə zədələnməsinə və mutasiyaya səbəb olur. Onlar 3 sm-dən böyük olduqda, xərçəng riski 10 dəfə artır”, - deyə həkim qeyd edib.
O vurğulayıb ki, bu xəstəlikdə qidalanmanın rolunu qiymətləndirməmək olmaz:
“Həddindən artıq yağlı, qızardılmış, yüksək kalorili qidalar lif çatışmazlığı ilə birləşərək müxtəlif xərçəng növlərinin inkişafı üçün əlverişli şərait yaradır”.
A.Elkin sağlam həyat tərzi sürməyi - balanslaşdırılmış qidalanmanı, pis vərdişlərdən imtina etməyi və xərçəngə tutulma riskini azaltmaq üçün müntəzəm olaraq idman etməyi məsləhət görüb.
“Vaxtında aparılan müalicə, bəzi hallarda öd kisəsinin cərrahi yolla çıxarılması da xərçəngə tutulma riskini azaltmağa kömək edəcək. Nəzərə almaq lazımdır ki, belə bir əməliyyat müəyyən risklərlə bağlıdır və özlüyündə öd yollarının digər hissələrində bədxassəli şişin inkişafından qorunmağa zəmanət vermir”, - deyə ekspert yekunlaşdırıb.
Aysel