ABŞ-ın məşhur “Nyu-York Tayms” qəzeti dünyada koronavirus əleyhinə sınaqdan keçirilən vaksinlər arasında ən şanslı vaksini kəşf etmiş türk alimləri haqda geniş yazı dərc edib. Söhbət Almaniyada yaşayan, “BioNTech” şirkətinin sahibi olan Uğur Şahindən və onun xanımı Özləm Türəcidən gedir. Bu türk cütlüyünün kəşf etdiyi vaksin sınaq zamanı 90 faizdən çox effekt verib. Novator.az saytı “Nyu-York Tayms”ın Uğur Şahin və Özləm Türəci haqda yazısını ingiliscədən tərcümə edib. Yazını oxucuların diqqətinə çatdırırıq.
İki il əvvəl Berlində infeksion xəstəliklər üzrə mütəxəssislərin konfransında çıxış edəndə doktor Uğur Şahin əminliklə bir proqnoz vermişdi. O demişdi ki, qlobal pandemiya baş versə, onun şirkəti qısa zaman içərisində vaksin hazırlamaq üçün öz mRNT (məlumat RNT-si – ribonuklein turşusunun bir növüdür) texnologiyasından istifadə edə bilər.
O vaxtlar doktor Şahin və onun “BioNTech” şirkəti Avropa biotexnologiya startapçıları arasında az tanınırdı. Doktor Şahinin öz həyat yoldaşı doktor Özləm Türəci ilə birgə yaratdığı “BioNTech” şirkəti əsasən xərcəng xəstəliyinin müalicəsi ilə məşğul olurdu. Şirkət öz məhsulunu heç vaxt bazara çıxarmamışdı. O zaman hələ Covid-19 da yox idi.
Məhz bu səbəbdən doktor Şahinin Berlin konfransındakı sözləri sanki bir peyğəmbər uzaqgörənliyi idi.
Noyabrın 9-da “BioNTech” və “Pfizer” şirkətləri birlikdə bəyan etdilər ki, doktor Şahinin və onun komandasının koronavirusa qarşı hazırladığı vaksin əvvəllər virusa yoluxmayan könüllülər üzərində sınaqdan keçirilib və aydın olub ki, bu vaksin xəstəliyin qarşısını almaqda 90 faizdən çox effekt verir. Bu parlaq nəticədən sonra hər iki şirkət dünyada 1.2 milyondan çox insanın ölümünə səbəb olan xəstəliyin dərmanını tapmaq üçün yarış meydanına atılıb.
Doktor Şahin bir müsahibəsində “Bu, Covid erasının sonunun başlanğıcı ola bilər” demişdi.
“BioNTech” vaksin üzərində işləməyə yanvar ayından – doktor Şahin “The Lancet” tibb jurnalında bir məqaləni oxuyandan sonra başlayıb. Doktor həmin məqaləni oxuyanda əmin olub ki, Çinin bəzi yerlərində sürətlə yayılan koronavirus dünyanı bürüyəcək, pandemiyaya çevriləcək. Beləliklə, Almaniyanın Mayns şəhərində məzuniyyət keçirən şirkətin alimləri tətili yarımçıq qoyub “İşıq sürətli layihə” adını verdikəri işə başlayıblar.
Ötən ay bir müsahibəsində doktor Şahin deyib: “Dünyada bu işi bizim qədər sürətlə görəcək potensiallı və səriştəli şirkət çox azdır. Ona görə də mən bunu fürsət kimi deyil, öhdəlik kimi dəyərləndirdim. Anladım ki, biz vaksin ishesal edən ilk şirkətlərdən biri ola bilərik”.
Bir neçə ümidverici potensial vaksini müəyyənləşdirəndən sonra doktor Şahin qərara alıb ki, onları tezliklə sınaqdan keçirsin və ən yaxşılarını bazara çıxarsın. Lakin bunun üçün səlahiyyətli orqanların razılığı olmalı idi. “BioNTech” və “Pfizer” 2018-ci ildən bəri birlikdə qrip vaksini üzərində çalışır. Bu ilin mart ayından isə onlar koronavirus vaksini hazırlamaq üçün birgə əməkdaşlıq barədə razılığa gəliblər.
O vaxtdan türk həkim Şahin “Pfizer”in yunan baş direktoru Albert Burla ilə dostluq münasibətləri qurub. Bu yaxınlarda verdikləri müsahibədə hər ikisi söyləyib ki, onların həm alim, həm də mühacir kimi ortaq keçmişləri var. “O, Yunanıstandan, mən isə Türkiyədənəm” söyləyən doktor Şahin ölkələri arasında uzun müddətdir davam edən düşmənçilik məsələsinə toxunmur. Təkcə onu deyir ki, bu ədavət başlandığı gündən şəxsi xarakter daşıyıb.
“BioNTech”in baş direktoru doktor Uğur Şahin
55 yaşlı doktor Şahin Türkiyənin İskəndərun şəhərində doğulub. 4 yaşında olanda ailəsi Almaniyanın Köln şəhərinə köçüb. Valideynləri orada “Ford Motor” şirkətinin fabrikində işləyiblər. Uşaqlıqdan həkim olmaq istəyən Uğur Köln Universitetində tibb təhsili alıb. 1993-cü ildə bədxassəli şiş hüceyrələrinin immunoterapiyası üzrə apardığı tədqiqatla doktorluq dərəcəsinə yiyələnib.
Karyerasına başladığı dövrlərdə doktor Türəci ilə tanış olub. Əvvəllər rahibə olmaq istəyən Türəci sonradan tibb təhsili alıb. İstanbuldan mühacirət etmiş türk həkimin qızı olan Özləm Türəci Almaniyada doğulub. Hazırda 53 yaşı olan doktor Türəci “BioNTech” şirkətinin baş həkimidir. Doktor Şahin və doktor Türəci cütlüyü toy günü mərasimi bitəndən sonra laboratoriyada iş başına dönüblər.
Cütlük əvvəlcə Sürix Universitetində həm tədqiqatla məşğul olub, həm də dərs deyib. Doktor Şahin burada 1996-cı ilin tibb üzrə Nobel mükafatı laureatı Rolf Zinkernagelin laboratoriyasında da çalışıb.
2001-ci ildə doktor Şahin və doktor Türəci “Ganymed Pharmaceuticals” adlı şirkət yaradıblar. Burada onlar monoklonal anticisimlərdən istifadə yolu ilə xərcəngin müalicəsi üçün dərman istehsal ediblər.
Bu şirkətlə yanaşı, xərçəngin müalicəsində daha geniş spektrli texnologiyadan, o cümlədən mRNT texnologiyasından istifadə etmək məqsədilə bir neçə il sonra cütlük “BioNTech”in əsasını qoyub. Yerli “Wiesbaden Courier” qəzetinə müsahibəsində doktor Şahin “Biz böyük Avropa əczaçılıq şirkəti qurmaq niyyətindəyik” söyləyib.
Pandemiyadan öncə də “BioNTech” sürətlə irəliləyirdi. Şirkətin büdcəsi yüz milyonlarla dollara qədər artmışdı. Hazırda 1800-dən çox işçisi olan şirkətin Berlində və Almaniyanın digər şəhərlərində, eləcə də Kembricdə, Massaçusetsdə ofisləri yerləşir. Şirkət 2018-ci ildə “Pfizer”lə əməkdaşlığa başlayıb. Ötən il Bill və Melinda Qeyts Fondu HİV virusu və vərəmin müalicəsi üçün şirkətə 55 milyon dollar sərmayə qoyub. 2019-cu ildə doktor Şahin İranın iki ildən bir elm və texnologiya sahəsində uğurlara imza atmış müsəlmanlara verdiyi “Mustafa mükafatı”na layiq görülüb.
Doktor Özləm Türəci – “BioNTech”in baş həkimi
2016-cı ildə Şahin və Türəci “Ganymed” şirkərini 1.4 milyard dollara satıblar. Ötən il “BioNTech” öz səhmlərinin bir hissəsini əhaliyə satıb; son aylar şirkətin bazar dəyəri 21 miyard dolları keçib ki, bu da cütlüyün Almaniyanın ən varlı adamları sırasına keçdiyini göstərir.
Hər iki milyarder yeniyetmə qızları ilə birlikdə ofislərinin yaxınlığındakı sadə bir mənzildə yaşayır. İşə velosipedlə gedib-gəlirlər. Heç birinin maşını yoxdur.
“Pfizer”in baş direktoru Burla doktor Şahin haqqında bunları deyir: “Uğur çox nadir şəxsiyyətdir. Onu yalnız elm maraqlandırır. Oturub işgüzar məsələləri müzakirə etmək onluq deyil, onun biznesdən qətiyyən xoşu gəlmir. Uğur elm adamıdır və prinsipialdır. Mən ona yüz faiz inanıram”.
“Pfizer”firmasının baş direktoru Albert Burla
İmmiqrasiyanın hələ də ciddi problem olduğu Almaniyada iki türk aliminin əldə etdiyi uğurlar sevindici hadisəyə çevrilib. Konservativ biznes saytı olan “Focus” yazır: “Bu cütlüyün timsalında Almaniya uğurlu inteqrasiyaya parlaq örnəkdir”.
Parlamentin üzvü Yohannes Voqel “Twitter” səhifəsində bildirib: “Əgər Almaniya partiyasına sağçı bir alternativ seçməli olsaydıq, alman şirkəti olan “BioNTech”in başında Özləm Türəci və Uğur Şahin olmazdı. Kapitalizm və qlobalizasiya məsələləri baxımından “Pfizer” firması ilə heç bir əməkdaşlıq qurulmazdı. Amma bizi güclü edən də budur: immiqrasiya ölkəsi, bazar iqtisadiyyatı və açıq cəmiyyət!”
Bu il doktor Şahinin siyasətə ayırmağa o qədər də vaxtı olmayıb. “BioNTech” vaksin hazırlamaqla o qədər məşğuldur ki, hətta “Pfizer”lə şərikliyə dair razılaşmanın maliyyə detallarını həll edib bitirməyiblər.
Doktor Şahin deyir: “Hər şey çox sürətlə irəliləyir, ona görə də bu işdə etibar və şəxsi münasibətlər olduqca vacib amillərdir. Bir çox məsələlər barədə razılığa gəlsək də, hələ yekun müqavilə imzalamamışıq”.
Doktor Şahin bildirir ki, vaksinin effektivliyi barədə məlumatı noyabrın 8-i gecə alıblar və bunu evdə türk çayı dəmləyib içməklə qeyd ediblər. “Əlbəttə, bunu qeyd etdik. Ürəyimiz rahat oldu”.
David Gelles,
“Nyu-York Tayms”ın köşə yazarı və biznes müxbiri
Kristofer Şuetze,
“Nyu-York Tayms”ın Berlin bürosunun əməkdaşı