Oksford-AstraZeneca peyvəndinin yaradıcılarından biri olan professor Sara Gilbert gələcək pandemiyaların indiki pandemiyadan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib və onlara hazırlıq üçün pul ayrılmasına çağırıb.
Medicina.az xəbər verir ki, Sara Gilbert bu haqda BBC-yə danışıb.
“Bu böhran açıq şəkildə sonuncu deyil. Açıq desək, növbəti virus daha pis ola bilər. O, daha yoluxucu, daha ölümcül və ya hər ikisi ola bilər. Əldə etdiyimiz bilikləri itirmək olmaz”, - deyə o bildirib.
“Omicron” variantından danışan Gilbert onun zülalında virusun yayılma qabiliyyətini artırdığı bilinən mutasiyalar olduğunu söyləyib.
Professor Sara Gilbert, həmçinin mövcud peyvəndlərin yeni “Omicron” variantına qarşı daha az effektiv ola biləcəyi barədə xəbərdarlıq edib:
“Yeni variantda başqa dəyişikliklər də var. Bu da peyvəndlər və ya COVID-19-un digər variantları ilə yoluxma nəticəsində yaranan antikorların “Omicron”a qarşı daha az təsirli ola biləcəyini ifadə edə bilər”. Professor vətəndaşlara yeni variant daha yaxşı öyrənilənədək diqqətli olmağı təklif edib.
Eyni zamanda Sara Gilbert vurğulayıb ki, peyvənd yüngül xəstəliyin qarşısının alınmasında çox təsirli olmasa belə, bu, avtomatik olaraq onun ağır xəstəliklərə və ya ölümə qarşı daha az qoruyucu olması demək deyil.
Professor gələcəkdə qripə qarşı universal peyvəndin hazırlanacağını istisna etməyib.
Sara Gilbert 2020-ci ilin əvvəlindən – COVID-19-un Çində ilk dəfə ortaya çıxdığı vaxtdan etibarən koronavirus peyvəndi hazırlamağa başlayıb. Bu gün Oxford-AstraZeneca dünyada ən çox istifadə edilən vaksindir və dozaları 170-dən çox ölkəyə göndərilir.