Son həftədə dünyada və Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Elə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru pandemiya başlayan gündən dördüncü dəfədir ki, bir həftə ərzində yüksək yoluxmaların qeydə alındığını xəbər verib. Bu isə dünyada 780 milyon doza vaksinin paylanması fonunda baş verir. ÜST rəhbəri pandemiya ilə mübarizədə vaksinlərin həyati əhəmiyyət kəsb etdiyini, lakin bunun mübarizə üçün tək vasitə olmadığını bildirib.
Bu arada Yaponiya ölkədə koronavirusun dördüncü dalğasının başlaması fonunda yaşlı vətəndaşlarını peyvəndləmə kampaniyasına başlayıb. Ölkə daxilində təxminən 120 mərkəz bazar ertəsindən etibarən 65 yaşdan yuxarı şəxslərə “Pfizer-Biontec” vaksinini tətbiq etmək üçün fəaliyyətə başlayıb.
Yeri gəlmişkən, Britaniyada virusun daha yoluxucu versiyasının yayılması səbəbindən elan edilən üç aylıq ciddi qapanmaları yumşaltmağa başlayıblar. İdman, bərbər salonları, pərakəndə satış mağazaları, heyvanat parkları yenidən fəaliyyətə başlayıb. Bar və restoranlar isə yalnız açıq havada xidmətlə məhdudlaşır.
Azərbaycanda da son günlər virusdan yoluxma və ölüm sayları artmaqdadır. Bununla belə, vaksinasiya işləri davam etdirilir. Bu günədək ölkəmizdə 1177187 nəfər vaksin olunub.
Bəs görəsən, nəyə görə yoluxma hər gün daha da çoxalır? Vaksinlərdən sonra yoluxma mümkündürmü?
Medicina.az -ın xəbərinə görə, bu və digər suallarla bağlı “Yeni Müsavat”a
həkim-infeksionist İlhamə Abbasova danışıb: "Son iki həftədə müraciətlərin sayı çoxalıb. Xəstəlik heç də yüngül gedişatlı deyil. Bundan əvvəlki alovlanmalarla müqayisə etsək, bu dəfə virusun ciyərə keçməsi daha sürətlidir. Pasiyent iki gündür xəstə olduğunu deyir, müayinədən sonra baxırsan ki, 30-40 faiz zədələnmələr var. Amma əvvəllər xəstənin bir həftə hərarəti olurdu, halsızlıq kimi simptomlar müşahidə edilirdi. Bundan sonra ciyərə keçməsini müşahidə edirdik. İndi isə 2-3 günə xəstədə buzlaşma ciyərə keçir. Xəstəliyin ağırlıq dərəcəsi isə hər kəsin orqanizmində bir cür özünü göstərir. Yanaşı xəstəliyi olanlar, şəkərli diabetlər, immun sistemi aşağı olanlar virusu daha ağır keçirirlər".
İ.Abbasova insanların poliklinikalarla bağlı narazılığına, hərarətin yalnız 38 dərəcə olduğu zaman test götürülməsi məsələsinə münasibət bildirib: “Hərarət 37.5 olanda xəstəliyin ağırlaşması sayılmır. 38 dərəcədən yuxarıdırsa, artıq xəstəliyin ağırlıq dərəcəsindən xəbər verir. Xəstə sayı çox olduğuna görə çatdıra bilmirlər. Hər kəs müraciət edir, tutaq ki, xəstələr bəzən qidadan zəhərlənir, qusur, çağırış edirlər ki, əlamət var, test götürün. Bir-iki gün gözləmək lazımdır. Ya da 37 qızdırma zamanı çağırış etmək düzgün deyil. Davamlı olsa, ağırlaşmalar olsa, yəni temperatur yüksəlsə, müraciət etmək olar. Heç temperatur 38-38.5 olsa da, o demək deyil ki, səndə mütləq 50-60 faiz pnevmoniya var. Elə xəstələrimiz var ki, 38.5, 39 dərəcə qızdırması var, ciyərində heç bir faiz zədələnməsi yoxdur. Bu, xəstəliyin özəlliyidir. Bu virusda temperatur olmaya da bilər. Həmin xəstələrdə virus yüngül keçir. Mən rastlaşmamışam ki, xəstə yüngül keçirib, birdən-birə pisləşsin”.
İnfeksionist qeyd edir ki, özlərində ilkin əlamətləri hiss edənlər evdə bol maye qəbul etməlidirlər: "Temperatur varsa, parasetamol istifadə etməlidirlər. Həkimdən icazəsiz heç bir preparat qəbul etmək olmaz. Bu xəstəlikdə çox dərman preaparatı qəbul etmək olmaz. Bildi-bilmədi antibiotiklərə başlamaq olmaz, bu, xəstənin vəziyyətini ağırlaşdırır".
İnfeksionist vaksin vurulandan sonra bəzi insanlarda ağırlaşmaların olması iddiasına da cavab verib: "Bizə də belə müraciətlər olur, deyirlər birinci vaksindən sonra kovid oldum. Belə deyil. Qorunmurlar, ya vaksin vurulmamışdan öncə xəstələnirlər. Tutaq ki, xəstə vaksin olunmağa gəlir, “heç bir şikayətim yoxdur”, deyir. Amma halbuki iki gün öncə yas yerində, ya da başqa bir məclisdə olub, yoluxub. 3-4 günə də bu büruzə vermir. Vaksin olunur, deyir ki, COVİD oldum. Hər bir vətəndaş bilməlidir ki, vaksindən sonra qorunmaq lazımdır. Vaksin olunandan sonra məclislərə gedir, maskadan istifadə etmirlər. Sonra da deyirlər vaksindən sonra xəstəliyə tutuldum. Vaksin olunan şəxs o demək deyil ki, COVİD-ə yoluxmayacaq. Yoluxa bilər, amma yüngül keçirəcək. Vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Simptomlar olur, uzağı 3 gün, bir həftə sonra yaxşı olurlar. Vaksin hər kəsə vurulmalıdır. Əhalinin 90 faizi vaksin olunmalıdır ki, kollektiv immunitet yaransın, biz bu virusa qalib gələ bilək. Vaksindən çoxu imtina edir, bəhanələr gətirir, “allergiyam var”, “təzyiqim var”, “şəkərim var” deyirlər. Bunların vaksinə dəxli yoxdur. Vaksinlər kimlərə olmaz? Hazırda kəskin xəstəliyi olanlara olmaz".